Ötən gecə Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətinə hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan “Daf” markalı TIR-ın zərbəsinə tuş gəlib. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanalardan birində çalışırmış.

O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətinə istirahətə gedibmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı, 1996-cı il təvəllüdlü Sona Hümbətova, 3 yaşlı oğlu İbrahim, qohumları Bakı sakini, 2000-ci il təvəllüdlü Fidan Nemətli, Gəncə sakini, 2009-cu il təvəllüdlü Aylin Yusifova və Goranboy sakini, 2001-ci il təvəllüdlü Elsevər Şahməmmədovla birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam Rza

 

İstinadlar Qafqazinfo