İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Bu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirib, nəqliyyatın hərəkəti bərpa edilib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir, araşdırmalar davam etdirilir.

***

Xəbər verildiyi kimi, intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basmış və nəticədə bir neçə fəsadlar yaranıb.

DİN-dən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib.

***

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirib ki, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.

***

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo