Göyərtəsində 82 sərnişin olan təyyarə qaçırıldı – YENİLƏNİR

Bu gün səhər saatlarında Misirin “EgyptAir” şirkətinə məxsus MS181 reysi ilə İsgəndəriyyədən Qahirəyə uçan Airbus A320 təyyarəsi naməlum şəxs tərəfindən ələ keçirilib. Uçuşun istiqaməti dəyişdirilərək təyyarə Kiprə endirilib.
Təyyarədə 82 sərnişin olduğu bildirilsə də, Kipr tərəfindən 55 sərnişin və 7 heyət üzvünün olduğu bildirilib.
Yeni məlumat (1)
Təyyarəni qaçıranın bir nəfər olduğu və pilotu partlayıcı qurğu olan kəmər geydiyi ilə hədələyib. O, əvvəl təyyarənin İstanbula uçmasını tələb edib, lakin pilotun bu məsafəyə yetərli yanacaq olmamasını izah etməsindən sonra Kiprin Larnaka hava limanına enməyə razılaşıb. Onun 27 yaşlı İbrahim Samaha adlı Misir vətəndaşı olduğu bilidirlir.
Yeni məlumat (2)
Polis və snayperçilər ərazidə mövqe tutublar.
Son məlumata görə, danışıqların nəticəsi olaraq 4 avropalı sərnişin və 7 heyət üzvlərindən başqa bütün sərnişinlər artıq təyarəni tərk edib.
Yeni məlumat (3)
Misir Mülki Aviasiya Nazirliyinin sözçüsü Ehab Raslan bildirib ki, böyük ehtimalla təyyarədə partlayıcı yoxdur.
“Misirin bütün hava limanlarında təhlükəsizlik yüksək səviyyədədir”.
Yeni məlumat (4)
Bu dəqiqələrdə daha 5 nəfər təyyarədən çıxıb. Təyyarəni qaçıran şəxs Yunanıstan vətandaşı olan keçmiş həyat yoldaşına məktub çatdırılmasını tələb edib. Hazırda hüquq-mühafizə orqanlarının dəvəti ilə keçmiş həyat yoldaşı hava limanına gəlir.
Yeni məlumat (5)
Kipr polisi təyyarədə partlayıcı olmadığını və hadisənin terrorizmlə əlaqəli yox, ailə-məişət zəmnində olduğunu bildirir. Amma hələlik polis ehtiyat edərək hərəkətə keçməyib.
Yeni məlumat (6)
Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq təyyarəni qaçıran şəxsin terrorist olmadığını sadəcə “axmaq” olduğunu bildirib. “O terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin olmurlar”.
Yeni məlumat (7)
7 nəfər hələ də təyyarədədir. “EgyptAir” şirkəti mətbuat konfransında təyyarəni qaçıranın milliyətini və adını təsdiq etməkdən imtina edib.
Kiprin dövlət televiziyası təyyarəni qaçıran şəxsin indi də Misirdə həbsxanada olan qadın dustaqların buraxılmasını tələb etməsi barədə xəbər yayıb.
Yeni məlumat (8)
Misirin hakimiyyət orqanları “Egypt Air” aviakampaniyasına məxsus A-320 təyyarəsini qaçırmaqda təqsirləndirilən professor İbrahim Samahadan üzr istəyib. Onun adının insidentdə səhvən hallandırıldığı bildirilir. Bu barədə Misirin Baş nazirin mətbuat xidmətinə istinadla məlumat yayılıb. Kipr radiosunun məlumatına əsasən, təyyarəni qaçıran başqa şəxsdir və o, Misir həbsxanalarındakı məhbusların azad olunması tələbini irəli sürüb.
Yeni məlumat (9)
Misirə məxsus sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub. Bu, Səif əl-Din Mustafadır. S.Mustafa da alimdir. O, Qahirə Universitetinin tarix professorudur. Bildirilir ki, S.Mustafa Misirdə həbsdə olan bir neçə qadın məhbusun azad edilməsini tələb edib. Kiprin RİK telekanalının verdiyi məlumata görə, təyyarəni qaçıran şəxs Misir hökumətinə müxalifətdədir.
Qeyd edək ki, bir qədər əvvəl İ.Samaha təyyarəni qaçıran şəxs kimi təqdim olunsa da, sonradan bu versiyanın yanlış olduğu üzə çıxıb.
Yeni məlumat (10)
Misir təyyarəsini qaçıran şəxs təslim olub. Misir vətəndaşı olan Səif əl-Din Mustafanın danışıqlardan sonra Kipr hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.