“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

“Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu 2017-ci ildə buraxılan “Pixelbook” noutbukunun təkmilləşdirilmiş variantıdır. “Pixelbook Go” əvvəlki versiya ilə müqayisədə daha kompakt və yüngüldür: 13,3 düymlük noutbukun qalınlığı 13 mm, çəkisi isə 1 kiloqramdır.

“Pixelbook Go” sensor displey və sürüşmənin qarşısını alan rezin alt səth ilə təchiz edilib. Qurğuya quraşdırılan batareya 12 saatlıq avtonom rejimli işi təmin edir, 20 dəqiqəlik enerji doldurma prosesi isə noutbukun işləmə vaxtını 2 saat uzadır. Bundan başqa, yeni noutbukun səssiz klaviatura ilə təchiz olunması xüsusi qeyd olunur.

Qurğunun digər texniki xüsusiyyətlərinə gəldikdə, versiyadan asılı olaraq “Google Pixelbook Go” noutbuku “Intel Core m3”, “i5” və ya “i7, 8” prosessorları və ya 16 giqabaytlıq operativ yaddaş və 64, 128 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub.

Oxumağa dəyər:   Azərbaycan mətbəxi Fransada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq

ABŞ və Kanadada ilkin qiyməti 649 dollar təşkil edən noutbuk üçün ilkin sifarişlərin qəbuluna oktyabrın 15-dən etibarən başlanılacaq. Yanvarda noutbukun Böyük Britaniyada satışa çıxarılacağı gözlənilir. “Google Pixelbook Go” noutbuku “Just Black” və “Not Pink” adlı qara və sarımtıl-çəhrayı rənglərdə təklif olunur.

Təqdimatda, həmçinin yenilənmiş “Google Assistant” səsli köməkçi funksiyası nümayiş olunub. Funksiyanın əvvəlki versiyadan əsas fərqləndirici cəhəti sorğuların emal sürətinin artırılmasındadır.

Yenilənmiş “Google Assistant” funksiyası ilə ilkin olaraq təqdimat çərçivəsində nümayiş edilən “Pixel 4” və “Pixel 4 XL” smartfonları, daha sonra digər “Android” sistemli qurğular təchiz olunacaq.

Nizam Nuriyev

İstinadlar ict news