Eyni mənzili bir neçə vətəndaşa satdığı üçün həbs edilən MTK rəhbərləri daha bir cinayətdə ittiham olunaraq cəza alıb.

“Deal-V” MMC-nin direktoru Çingiz Məmmədov cəmiyyətin təsisçisi İsa Məmmədovla qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satdıqları üçün müvafiq olaraq 10 və 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İndi isə Nizami Rayon Məhkəməsi adıçəkilən şəxslərlə bağlı hökm çıxarıb. Məlum olub ki, onlar mənzillərin alqı-satqısı zamanı vergidən də yayınıblar. Satılan mənzillərin pulunu nağd almalarına baxmayaraq, təqsirləndirilən şəxslər əlavə dəyər vergisi, torpaq vergisi və mənfəət vergisi bəyannamələrini təqdim etməyiblər.

Məhkəmə onlar barəsində 3 il azadlıqdan məhrum etmə cəzası çıxarıb. Cinayət Məcəlləsinə əsasən, cəzaların ümumi toplanması qaydasında əvvəlki cəzaları ilə toplanmaqla İ.Məmmədov 12 il 6 ay, Ç.Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Amin Nəzərli

İstinadlar Qafqazinfo