“Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. Bununla bağlı biz müvafiq ərazilərdə olur, görülən işlərlə maraqlanır, yerindəcə öyrənir, prosesin uğurla başa çatdırılması üçün fəaliyyətimizi davam etdiririk”.

Bunları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev REALTV-az-a müsahibəsində deyib.

“Biz bir neçə dəfə əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə artıq bir sıra yeni hərbi hissələrin fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir. Onu da bildirim ki, bu səfərlər ardıcıllıq xarakter daşıyır”, – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri qeyd edib.