
Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi “İlin yekunları”na dair tədbir keçirib. Tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb.
İdman federasiyaları və feysbukda keçirilən sorğuda ilin ən yaxşı məşqçiləri nominasiyasında 3 nəfər fərqlənib. “Qarabağ”la avrokuboklarda uğurlu nəticələr əldə edən Qurban Qurbanov, Avropa çempionu olan yunan-Roma güləşi üzrə millinin çalışdırıcısı Aleksandr Tarakanovla yanaşı bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva da seçilənlər arasında yer alıb.
“Qafqazinfo” xəbər verir ki, Siyana Vasilevanın mükafata layiq görülməsindən sonra kimliyi barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. Məlum olub ki, o, gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.
Qeyd edək ki, nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.