
Ötən ilin 16 oktyabrında Bakının Buzovna qəsəbəsində ağır qəza törədən 1995-ci il təvəllüdlü Əlisurət Rzayevin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Rzayevə hökm oxunub.
Bildirilib ki, Ə.Rzayev həmin gün saat 00:30 radələrində xeyli spirtli içki qəbul edərək sürücülük hüququ olmadan “Mercedes” markalı avtomobili idarə edib. Onun sürdüyü avtomobil Buzovna qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü Həsən Aydın oğlu Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı maşına çırpılıb. Nəticədə Həsən aldığı xəsarətlərdən vəfat edib.
Həmçinin məlum olub ki, qəzanı törədən Əlisurət Rzayev Vətən müharibəsi qazisidir. O, 44 günlük müharibədə iştirakına görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Təqsirləndirilən şəxs ifadəsində müharibədən sonra başında problemlərin yarandığını bildirib. Vəfat edən gəncin atası Aydın Hüseynov isə Əlisurəti bağışlamadığını deyib, ona ağır cəza verilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Rzayevi Cinayət Məcəlləsinin 263-1.3-cü (Sərxoş halda və sürücülük vəsiqəsi olmadan yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib. Ona 5 il 6 ay həbs cəzası verilib. Cəzanın bitməsindən sonra onun 3 il müddətə avtomobil idarə etməsi də qadağan edilib.