Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir müddət əvvəl Kəlbəcərdə minaya düşərək xəsarət alan Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovu ziyarət edib.

Icra başçısı yaralı hərbçi ilə söhbət edərək onun səhhəti ilə maraqlanıb, şəfa diləyib.

V.İsbəndiyarov öz növbəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb. Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağı isə əməliyyat olunub. Hazırda Gəncədə özəl xəstəxanalardan birində müalicəsi davam edir.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.