
Gəncə şəhərində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.
Ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.
Belə ki, əsən güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində 50-dən artıq iri gövdəli ağaclar aşıb, bəzi ağacların isə budaqları sınıb. Nəticədə 5 avtomobilə ziyan dəyib.
Bununla yanaşı, şəhərinin Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Yola düşən dam örtüyü Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) xüsusi texnikaları vasitəsilə götürülüb və prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. Güclü külək eyni zamanda 3 evin də dam örtüyünü dağıdıb.
Şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb. Bunun da səbəbi iki istiqamətdə yüksək gərginlikli xəttin qırılması olub. Baş vermiş qəza aradan qaldırılıb və şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib.