Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş keçirilir.

Yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərməkdir.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

İstinadlar Report