Ötən ilin iyul ayında Gəncə şəhərində baş verən iğtişaşlar zamanı hadisə yerində olan və orada iğtişaşçılar tərəfindən öldürülən polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsi Prezident İlham Əliyevə müraciət edib.

Polkovnikin ailəsi müraciətində bu işə görə tutulan şəxslərin analarının aksiyalarına etiraz edərək cinayətdə əli olanlara güzəşt edilməməsini istəyib:

“Hörmətli, cənab prezident!

Biz 2018-ci ildə Gəncə iğtişaşlarını törədən cinayətkarlar tərəfindən qətlə yetirilən polis zabiti Səməd Abbasovun ailəsi adından Sizə müraciət edirik. Hadisələrin gedişatı, gördüklərimiz, müşahidə etdiklərimiz bizi dərdimizi söyləməyə məcbur etdi. Gəncə hadisələrinə görə baş verən məhkəmə prosesinə biz başından qatılmadıq. Düşündük ki, dövlət bu işdə ədalətli olacaq və məhkəmələr ictimai vicdanı rahatladan qərarlar qəbul edəcəklər. Biz bugünədək qanunlara, haqq-ədalətə söykənərək dərdimizi, acımızı çəkməkdə, səbrlə günahkarların layiqli cəzalarını almalarını gözləməkdəyik. Amma bu gün hadisələr elə dövr edir ki, artıq susa bilmirik! Şəhid polislərin ruhuna bir qrup şəxs tərəfindən hörmətsizlik edilməsinə dözə bilmirik!

Oxumağa dəyər:   Məşvərət Şurasının yeni sədri Sahil Babayev olacaq

Biz hər bir ananın fəryadını anlayır, onların dərdini başa düşürük, heç kimi də ittiham etmək istəmirik. Amma bu gün biz Gəncədə qanunları tapdalayan, iğtişaş törədən, qan tökülməsində təqsirli bilinərək həbs olunan şəxslərin analarının, bacılarının küçələrə çıxaraq onların həbsdən azad olunmasını tələb etdiklərini görürük. İndi biz sual edirik: doğrudanmı bir insanı, bir ailə başçısını və ən nəhayət dövlətin keşiyində duran igidi amansızlıqla öldürmək bu qədər asandır və həqiqətənmi bu, günah sayılmır? Bu günahı, bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?

Bu gün məhkəmə zallarında, küçələrdə hay-küylə nəyəsə nail olmaq istəyən, oğullarının, əzizlərinin həbsdən azad olunmasını tələb edən analara, bacılara üzümüzü tutaraq soruşmaq istəyirik: siz elə bilirsiniz öldürülən polislərin ailəsi, anası, bacısı yoxdur? Heç təsəvvür edirsiniz ki, qətlə yetirilən polislərin doğmaları cinayətkarların mühakiməsi uğrunda haqlarını tələb etsə nələr olar? Və sizə üzümüzü tutaraq bildirmək istəyirik: iğtişaşları törədənlər özlərini Gəncə sakinləri elan edir, amma biləsiniz ki, əsl gəncəlilər heç bir zaman qanunları və insanlığı bu cür ayaqlar altına atmaz!

Oxumağa dəyər:   "Barış pınarı"- 653 terrorçu zərərsizləşdirilib

İndi biz bilmək istəyirik, bu polisləri doğulub boya-başa çatdıqları Gəncədə kimlər öldürdü? İstintaq və məhkəmə araşdırdımı ki, hadisələrin baş verdiyi gün ətraf rayonlardan Gəncəyə gələnlərin məqsədi nə imiş? Ya da araşdırıldımı ki, polisləri amansızlıqla qətlə yetirən qatilin hadisə yerindən qaçırılmasına, gizlədilməsinə və himayə edilməsinə kimlər səbəb olub? Bütün mənalı ömürlərini asayişi qorumağa həsr edən bu iki yüksəkrütbəli polis zabitlərini kimlər, kimlərin və hansı daxili, ya da xarici qüvvələrin təsiri və sifarişi ilə qətlə yetirdilər? Kimlər onların dərhal yaralarının sarılmasına əngəl oldu? Kimlər yaralı polisləri vurdular, təpiklədilər – hamısı cəzalandırıldımı?

Cənab Prezident!

Bir dövlət başçısı kimi Sizə müraciət edərək ədalət naminə səsimizə səs verməyinizi, Gəncədə qətlə yetirilən polislərin qanının yerdə qalmasına aman verməməyinizi xahiş edirik!
Səməd Abbasov və İlqar Balakişiyev hər bir zaman asayişin, qanunların keşiyində durmuşlar. Ona görə də, hər iki polis zabitinin qatillərinin də qanunlar çərçivəsində mühakiməsini tələb edirik. Gəncədə meydanda polislərə güzəşt edilmədi! Bu gün də cinayətdə əli olan heç bir kəsə güzəşt edilməməlidir!”