Gənc əsgərlər hərbi hissələrə qəbul olunub – VİDEO

Yeni hərbi xidmətə çağırılan gənclər Azərbaycan Ordusunun hərbi hissələrinə qəbul olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gənc əsgərlərə hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam qaydaları və təhlükəsizlik qaydaları barədə ətraflı təlimat verilir.
Hərbi qulluqçularla fərdi söhbətlər aparılır, psixoloji xüsusiyyətləri öyrənilir, əşya və əmlakla təmin olunurlar.
“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.
Bu “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: “”Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir”.
“Azəriqaz” həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb.
Ukraynada kollec binasında yanğın baş verib – VİDEO

Ukraynanın Odessa şəhərində kollec binasında yanğın baş verib.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, yanğın Odessa İqtisad, Hüquq, Mehmanxana, Restoran Biznesi Kollecinə məxsus altımərtəbəli tədris binasının üçüncü mərtəbəsində başlayıb.
2 min kvadratmetr sahəni əhatə edən yanğınla bağlı 40 nəfərdən çox şəxs təxliyyə olunub. Aralarında üç nəfər yanğın xidməti əməkdaşı da olan 13 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda təxliyyə işləri davam etdirilir.
Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi Nadir Mehdiyev Xalq artisti Rafael Dadaşovun səhhəti barədə açıqlama verib.
O, “Səni axtarıram” proqramına telefonla bağlanaraq aktyorun son durumundan danışıb:
“Hazırda vəziyyəti stabildir. Rafael müəllim illər əvvəl bizdə ürəyindən əməliyyat olunub. İndi təngnəfəsliyi olub, xəstəxanaya gətirdilər. Tez müayinədən keçirdik. Aydın oldu ki, təngnəfəslik ürəklə bağlı deyil. Ağciyərlərində də xəstəlik var. Konsultasiya etmişik, özü ilə söhbət etmişik. Reanimasiyada deyil, intensiv terapiya palatasındadır. Vəziyyəti yaxşı olsa, palataya köçürəcəyik”.
Bundan əlavə, Nadir Mehdiyev Xalq artistinin qızı Səidə Dadaşovanın “xəstəxana pul istəyir” iddiasına da cavab verib: “Dünən zəng vurub dedilər ki, Rafael Dadaşov xəstəxanaya gətirilib. Söylədim ki, heç bir ödəniş alınmayacaq, pulsuz olacaq”.
Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO

“FOX 10 Phoenix” telekanalı ABŞ Prezidenti Donald Trampın Ağ Evdən ayrılan zaman helikopterlə uçuş öncəsi hərəkətlərinin videosunu paylaşıb.
Jurnalistlərin diqqətini incə məqam çəkib.
Belə ki, D.Tramp helikopterə doğru irəliləyərkən onun birgə uçmalı olan həyat yoldaşı Melaniyanı “unutduğu” iddia edilir. Videoda Trampın yarı yolda ayaq saxladığı və xanımının da gəlməsini gözlədiyi aydın görünür.
Qeyd nedək ki, bu cütlük dəfələrlə çətin vəziyyətlərə düşməsi ilə diqqət mərkəzində olub. Məsələn, Çexiyanın baş naziri Andrey Babişin Ağ Evə səfəri zamanı Tramp fotosessiya üçün onu gözləyən həyat yoldaşını unudub və qonaqla içəriyə daxil olub. Melaniya isə Floridada keçirilən tədbir zamanı həyat yoldaşı ilə şəkil çəkdirməkdən imtina edib.
Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Xeyirxah Platforması “Əlilliyi olan şəxslərlə davranış qaydaları”ndan bəhs edən videoçarxı təqdim edib.
Beynəlxalq Əlillər Günü ərəfəsində təqdim olunan videoçarx əlilliyi olan şəxslərlə davranış qaydaları və onlara müraciət formalarını təbliğ etmək, eləcə də bu qaydaların internet üzərindən əlçatanlılığını təmin etmək məqsədilə ərsəyə gətirilib.
Videoçarxı izləmək üçün linki təqdim edirik:
Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video

SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun 1990-cı illərdə ABŞ-ın “Pizza Hut” restoranlar şəbəkəsinin reklamında rol almağının səbəbi məlum olub.
“The foreign Policy” nəşrinin müxbiri Pol Masqreyv bildirib ki, Qorbaçovun reklamda iştirak etməsinin səbəblərindən biri pula ehtiyacı idi. Keçmiş sovet rəhbərinə böyük bir pensiya təyin olunmuşdu, lakin 1994-cü il hiperinflyasiya onu ayda iki dollara endirdi. Bundan əlavə, Qorbaçov Fondu Rusiyanın o vaxtkı Prezidenti olmuş Boris Yeltsinə qarşı idi.
O zamanlar isə “Pizza Hut” xüsusən də Rusiya bazarında genişlənirdi. Digər pizza restoranları ilə yüksək rəqabət reklam kampaniyasını böyük məbləğdə pul xərcləməyə məcbur edib. Qorbaçov iki şərtlə çəkilməyə razı olub: videonun son ssenarisini şəxsən özü təsdiqləyəcək və kadrda pizza yeməyəcək. O, bunu keçmiş dövlət başçısı olmağı ilə əsaslandırıb. Nəticədə, nəvəsi Anastasiya Qorbaçovla bir reklam çarxında rol alıb.
Qorbaçovun reklamdakı roluna görə aldığı qonorar barədə rəsmi məlumat yoxdur. Ancaq nəşrin hesablamalarına görə, siyasətçi 2019-cu ilin qiymətləri ilə müqayisədə təxminən bir milyon dollar əldə edib.
Qeyd edək ki, Mixail Qorbaçovun rol aldığı reklam 1997-ci ildə çəkilib. Videoda müştərilər keçmiş Sovet Prezidentinin siyasətinin nəticələri barədə mübahisə edir, fəaliyyətinə ziddiyyətli qiymətlər bildirirlər. Sonda artıq Qorbaçovun sayəsində pizza yeyə bildikləri ilə razılaşırlar.