Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 51 171 550 manat olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Əməyin ödənişinə 38 248 130 manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 10 733 420 manat, sosial ödənişlərə 340 000 manat, qeyri-maliyyə aktivlərinə 1 850 000 manat ayrılması nəzərdə tutulur.

Malların (işlərin və xidmətlərin) satın alınması bölməsində xarici ezamiyyələr üçün xərcin məbləği 2 100 000 manat proqnozlaşdırılır.

İclasda həmçinin, Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsi qəbul edilib. Gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur. Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur. O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.

Məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Zaur Mirzə

İstinadlar Qafqazinfo