Ötən ilin oktyabrın ayında adam öldürməkdə təqsirləndirilən iki dustaq – “Qoca” ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçmasına kömək edən qadın – Günay Atakişiyevin istintaq ifadəsi məlum olub.

Məlumata görə, G.Atakişiyeva təqsirini boynuna alıb və Bakı İstintaq Təcridxanasından Ağstafaya kimi baş verən hər şeyi danışıb. O bildirib ki, birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsilə 6 ay əvvəl “Qoca”nı tanıyıb.

G.Atakişiyeva deyib ki, Lalə uzun müddət əvvəldən Etibar Məmmədovla intim münasibətdə olurmuş: “Lalə deyirdi ki, onlar bir-birlərini sevirlər. Mən də onun telefonu ilə dəfələrlə Etibarın (055) 448-lə başlayan nömrəsinə zəng edib danışmışam. Həmin vaxt Etibar Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2017-ci ilin sentyabr ayında Lalə, mən və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Sonra yenə Lalənin telefonundan Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib dedi ki, Etibar məni görmək istəyir. Mən də Aqillə birgə getdim, Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, “Bizi 21 oktyabrda Lənkərana məhkəməyə aparacaqlar. Mən qatardan qaçacam. Sənə Aqil açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən”. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O isə “onda sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən” dedi. Mən onunla razılaşdım.

Oxumağa dəyər:   "Fədayə ilə "Qoca"nı tabor komandirinin tapşırığı ilə görüşdürdüm" - Qarovul rəisi

Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib dedi ki, “bunu Etibara verərsən”. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, gördüm ki, həmin torba artıq Etibara verilib. Bir az söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə girib çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında düşüb Masallıya getdim”.

G.Atakişiyeva bildirib ki, E.Məmmədovun təkidi ilə geriyə də bir yerdə qayıdıblar: “Mən Masallıda olanda  Etibar zəng edib onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana getdim, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını dedi. Mən stansiyaya çatandan sonra Tural adlı əməkdaş məni qarşıladı və üstümü yoxlamadan Etibarın yanına apardı. Şirvan şəhərində Aqil də qatara mindi, o Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən ordan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım, mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazağa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib dedi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə 1 saatdan bir danışırdı, Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazağa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmmədə dedi ki, maşını geri sürsün. Mən Etibara qaçmamasını dedim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər.”

Oxumağa dəyər:   "Samsung" dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Hazırda Günay Atakişiyeva və digər təqsirləndirilən şəxslərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

 

İstinadlar Qafqazinfo