“2000-ci ildə gecə saatlarında evə qayıdanda məni küçə uşaqları arxadan vurdular, çantamı almaq istədilər, polis onları saxladı. Həmin uşaqların tarixçələrini biləndə şikayətimi geri götürdüm, o vaxtdan küçə uşaqları ilə işləməyə başladım və qərar verdim ki, baxımsız uşaqlara qayğı göstərəcəyəm. “Günərzi Qayğı Mərkəzi”ni yaratdıq və uşaqlarla işlədikcə dedim ki, İlahi, nə qədər problemlər var”.

Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə müsahibəsində deyib. O, qeyd edib ki, həmin uşaqlar üçün zorakılıq adi bir şey idi. Onlar arasında yoluxucu xəstəlikləri olanlar da az deyildi.

“O zaman mərkəzin “qaynar xətti” yox idi. Mən öz telefon nömrəmi kağıza yazıb uşaqların cibinə qoyurdum ki, nəsə problem olsa, mənə zəng etsinlər. Elə küçə uşağı olurdu ki, pul qarşılığında mənim nömrəni bir manata satırdı.

Bir də görürdün ki, gecə saatlarında kimsə zəng edirdi ki, neçəyə çıxırsan? Səhər uşaqlar özləri etiraf edirdilər ki, onlar pul qarşılığında nömrəmi satıblar. Çətin idi onlarla işləmək, küçə uşaqları arasında zərərli vərdişlərin azalması istiqamətində iş apardıq, onları səhiyyə müəssisələrinə istiqamətləndirir, hüquqi baxımdan sənədlərinin həll edilməsi və ailələrinə qaytarılmasına çalışırdıq.

Oxumağa dəyər:   Dünya telekommunikasiya sahəsi stabil artım nümayiş etdirir

Günlərin bir günü uşaqların biri ilə bağlı mənə prokurorluqdan zəng gəldi. Zəng edən şəxs dedi ki, bir yeniyetmənin meyitini tapmışıq və cibindən sizin nömrəniz çıxıb. O zaman küçədə olan uşaqlar soyuqdan qorunmaq üçün elektrik şitlərinin içinə girirdilər. Həmin vaxt onlardan birini elektrik vurub. Morqa getdim və meyiti tanıdım. Bu, Səid idi. Heç kimi yox idi… Sığınacaq yaratmaq qərarını onda verdim ki, elektrik şitlərinin içində qalan və ölən uşaqlar olmasın”.

İstinadlar oxu.az