Mayın 17-də Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binalardan birinin sakini gecə saat 4-də polisi ayağa qaldırıb.

Məlumata görə, paytaxt sakini, 1976-cı il təvəllüdlü N.Davudov 102-yə zəng edərək qonşusunun onun 17-ci mərtəbədə yaşadığı evinin qapısını yandırmaq istədiyini deyib. Belə ki, o, mənzilindən aşağı mərtəbədəki mənzildə yaşayan qonşusunun ona məxsus evin qapısına benzin tökdüyünü və yanğın törətməyə hazırlaşdığını deyib.

Dərhal polis qrupu deyilən mənzilə gəlib. Məlum olub ki, N.Davudov sərxoş haldadır və dedikləri həqiqəti əks etdirmir. Həmin şəxs polislərə deyib ki, alt mərtəbədəki qonşusu daim onun evindən səs gəldiyini deyərək şikayətlər edir. Bu səbəbdən də polislərdən həmin qonşuya xəbərdarlıq edilməsini istəyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə N.Davudovu yalan məlumat verdiyinə görə bölməyə dəvət edib. Bu zaman həmin şəxs polisin tələbinə qarşı çıxıb.

Ərazi üzrə 21-ci Polis Bölməsinə aparılan N.Davudov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.

Nəsimi Rayon Məhkəməsinin 17 may tarixli qərarı ilə N.Davudova 10 sutka həbs cəzası verilib.

Nizam Rza

İstinadlar Qafqazinfo