Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

“Ermənistan Rusiyanın KTMT missiyası yerləşdirmək təklifinə imtina ilə cavab verərək Azərbaycanla şərti sərhəddə yerləşdirilən Avropa İttifaqının müvəqqəti missiyasının tərkibini və mümkün əhatə dairəsini artırmaq məqsədilə yardım üçün Avropaya üz tutdu”.
Bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirilməsinin mümkün planı ilə bağlı bəyanatını “Baku TV”yə şərh edərkən deyib.
“Lavrov göstərmək istəyir ki, Rusiya həm müttəfiqlik münasibətlərində, həm də KTMT çərçivəsində Ermənistanın müdafiəsinə sadiq qalır. Amma burada məsələ artıq Ermənistan və onun razılığı ilə bağlı deyil, hər şey Aİ-nin razılığı ilə olacaq”, – agentliyin direktoru bildirib.
O, vurğulayıb ki, Lavrovun KTMT missiyasının Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirilməsi təklifi reallaşmaq imkanını itirib.
“Çünki Aİ Rusiya müşahidəçilərinin və ya tərkibi böyük çoxluqla elə Rusiyanın özündən olacaq KTMT missiyasının yaxınlıqda olmasına imkan verməyəcək. Belə ki, hər şərti 50 müşahidəçiyə KTMT üzvü olan digər ölkələrdən maksimum 1-2 nümayəndə düşəcək. Rusiyanın Qərblə mürəkkəb münasibətlərini nəzərə alsaq, Lavrovun təklifinin reallaşması mümkün deyil”, – Fuad Hüseynəliyev qeyd edib.
“La Vira – məxfi menyu” – DTX bunu ermənilərə necə “həzm etdirdi” – VİDEO

REAL TV tərəfindən “La Vira – məxfi menyu” adlı sənədli film istehsal olunub.
Martın 28-də REAL TV-də nümayiş olunacaq filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir.
Ekran əsərində əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir.
Həmçinin, sənədli filmdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir.
Filmin adı italyan mətbəxinə məxsus “La Vira” təamdan götürülb. Tamaşaçılar filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olacaq.
Son iki ayda Yasamalda narkotikə görə 33 nəfər saxlanılıb – VİDEO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amin Kərimli saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onun üzərinə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.
Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qırıcılarımız havaya qaldırıldı – Video

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.
“Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur”,- MN-in məlumatında qeyd olunub.
Qazaxın 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır – Video

Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.
Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km km şəbəkə su xətlərinin inşası layihələndirilib. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 km-lik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.
“Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı – VİDEO

Deputat Fazil Mustafanın qardaşı Azər Mustafayev deputatın güllələnməsi ilə bağlı jurnalistlərə açıqlama verib.
O, qardaşının 1-2 günə evə buraxılacağını bildirib: “Hücum qapıya çatanda pultla qapını açanda olub. Həmin an atəş açılıb. Avtomatdan 7 atəş açılıb, 2-si dəyib. Hadisə zamanı evdə həyat yoldaşı və qızı olub. Yaralı vəziyyətdə evə girib, polisə və xəstəxanaya zəng ediblər.
Yəqin ki, sui-qəsd cəhdi sifarişlidir. Özünün şübhələndiyi adam yoxdur. Evin qarşısında kameralar var. Hamısı götürülüb, araşdırılır”.
A.Mustafayev çəkiliş zamanı sui-qəsdin törədildiyi yeri də göstərib. Qeyd edib ki, maşın evin qarşısında saxladığı vaxt atəş açan şəxs evin yan tərəfində dayanıb.
“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarladı – Video

“Azərişıq” əməkdaşları paytaxtın Xəzər rayonunda “Ev Qur” adlı mağazaya baxış keçirdiyi zaman məlum olub ki, elektrik sayğacı kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd edir.
Həmçinin Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının “A”, “B”, və “C” faza cərəyan sıxaclarına müdaxilə edildiyi məlum olub.
Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərnin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur.
Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib.
Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxdı. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb.
Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunszuluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.
DİN: “Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kq narkotik dövriyyədən çıxarılıb” – VİDEO

Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı günlərində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Lənkəran şəhər sakini Vüsal Tahirovu saxlayıb.
Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkarlanıb.
“Bu polisin istirahət günlərində narkotiklərin qanusnuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyatlardan yalnız biridir. Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb.
Sonuncu silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.
Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.
FHN: “Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir” – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.
Belə ki, ötən müddət ərzində 1743 vətəndaşa, o cümlədən 271 uşağa 4773 seans psixoloji yardım göstərilib.
Xatırladaq ki, hazırda Bakı və Naxçıvan şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
“AzərEnerji” su qıtlığına görə tədbirlərini genişləndirir – Video

Son illərdə su anbarlarında, çaylarda, o cümlədən Xəzər dənizində su səviyyəsinin düşməsi “AzərEnerji”nin balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına və sudan soyutma məqsədi ilə istifadə edilən istilik elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir edir.
Bu səbəbdən də su ehtiyatlarından səmərəli və planlı istifadə edilməsi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində koordinasiya olunur.
Eyni zamanda su qıtlığına görə fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşən ölkənin ən böyük elektrik stansiyalarında qabaqlayıcı tədbirlər görülərək kompleks işlər həyata keçirilir. Belə ki, Xəzər dənizində su səviyyəsinin kəskin düşməsinə görə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında dənizin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisi aparılır.
Qeyd edək ki, buna qədər “AzərEnerji” tərəfindən “Sumqayıt” Elektrik Stansiyasında 750 metr uzunluğunda estakada və su nasos stansiyası tikilərək istismara verilib. Kür çayında su səviyyəsinin enməsinə görə ölkənin üçüncü böyük elektrk stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib və Şəmkir su anbarında su itkisinə səbəb olmaqla yanaşı real təhlükə mənbəyinə çevrilən 160 metr uzunluğunda 3 tuneldən ibarət su tullayıcı qurğu tamamailə yenidən qurulub.
Qeyd edək ki, ölkədə elektrik enerjisinə tələbatın pik dövrləri yay və qış fəsillərinə təsadüf edir. Ona görə də sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılması həm məhdud su ehtiyatlarına qeyri-suvarma dövründə qənaət etməyə, həm də su elektrik stansiyalarında istehsalın suvarma dövründə artırmağa imkan verir.

“Burun əməliyyatından, rinoplastikadan öncə bunları bilməyiniz vacibdir” – Dr.Pərviz Aslanov – VİDEO

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb üzrə fəlsəfə doktoru, otorinolarinqoloq, rinoplastika üzrə cərrah Dr. Pərviz Aslanovdur. Müsahibimiz rinoplastika haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Peşəkar cərrah Dr. Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
Hazırda West Hospital və Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.
– Estetik burun əməliyyatı üçün yaş həddi varmı?
– Bəli, aşağı yaş həddi var. Xanımlarda 16, bəylərdə isə 17 yaşdan sonra estetik burun əməliyyatına icazə var. Nadir hallarda burun forması və burun daxili problemlər nəzərə alınaraq, bu həddi bir yaş aşağı salmaq olar. Amma yuxarı yaş həddi yoxdur. Ədəbiyyatda 90 və daha yuxarı yaşda əməliyyat olunan pasiyentlər haqqında məlumat var. Mənim indiyədək etdiyim ən yaşlı pasiyentin 72 yaşı olub.
– Qadın, yoxsa kişi idi?
– Xanım idi. Hətta ondan niyə bu yaşda gəldiyini də soruşdum? Əvvəl atasının, sonra da həyat yoldaşının icazə vermədiyini dedi: “Hər ikisi dünyasını dəyişəndən sonra və ölmədən öncə bu arzuma çatmaq istədim”. Çox uğurlu əməliyyat olduğunu qeyd etmək istərdim.
– Qadın hər yaşda gözəl olmağı arzulayır. Maraqlıdır, son illər kişilər arasında da estetik burun əməliyyatı etdirənlərin sayı artıb.
– Bəli, doğrudur. Hətta artıq kişi və qadın pasiyentlərimin sayının da bərabərləşdiyini deyərdim. Qadınlardan fərqli olaraq, kişilər, sadəcə, düzgün burun istəyirlər. Onlarda burnun uc hissəsi qalxmır, yaxud da kiçik ölçüyə salmırıq. Belə də olmalıdır. Çox nadir hallarda kiçik ölçülü, burnun uc hissəsinin qalxmasını istəyən kişi pasiyentlərim olur. Kişilər burunlarının əməliyyat olunmasının bilinməsini istəmirlər. Ona görə də düzgün bir buruna qane olurlar.
– Qadınlarla işləmək çətindirmi?
– Belə deməzdim. İşini bilən cərrah üçün qadınlarla işləmək çətin deyil. Şəxsən mən heç bir çətinlik yaşamıram.
– Buna necə nail olursunuz?
– Hər şeydən öncə pasiyenti diqqətlə dinləmək, nə istədiyini tam öyrənmək lazımdır. Əgər xanımın istəkləri ilə cərrahın bacarığı, cərrahiyyənin imkanları üst-üstə düşərsə, nəticə də uğurlu alınır. Hər pasiyentə fərdi yanaşmaq çox önəmlidir. Əgər cərrah xəstəyə bir dost kimi yanaşar, real şərtləri, imkanları izah edərsə, arada heç bir narazılıq yaranmaz, nəticə də xanımı qane edər.
– Əməliyyat üçün burun forması necə seçilir?
– Öncə fotolarını çəkir, burun formalarını dəqiqliklə incələyir və endoskopik yolla burun daxilinə baxırıq. Çünki uğurlu rinoplastika tək gözəl görünüş deyil, həm də sağlam bir buruna nail olmaqdır. Əgər burun daxilində bir patologiya varsa, estetik əməliyyat zamanı onu da aradan qaldırırıq. Burun formasına gəlincə isə pasiyentin nə istədiyini öyrənib fotoşopla bir burun təsviri hazırlayırıq. Yəni mümkün burun formasını əvvəlcədən göstəririk. Amma onu da qeyd edim ki, bu nəticəyə təsir edəcək bəzi faktorlar da var. Məsələn, dərinin qalınlığı, daha öncə əməliyyat keçirib-keçirməməsi, burun çəpərindən bizə lazım olacaq qığırdaq qreflərinin miqdarı və s.
Sevindirici haldır ki, son dövrlər pasiyentlər iki məqamı xüsusi vurğulayırlar: burnun uc hissəsi çox qalxmasın və burun arxası çox düşməsin. Demək olar ki, pasiyentlərin 50 faizdən çoxu təbii burun istəyir. Çalışırıq ki, pasiyentlərə təbii və gözəl burun verə bilək. Əlbəttə, sağlamlıq da şərtdir.
– Estetik burun əməliyyatı ilə bağlı ən çox edilən şikayətlər burunların bir-birinə bənzəməsi ilə bağlıdır. Bu nəticə daha çox cərrahdan, yoxsa pasiyentdən asılıdır?
– Hər bir pasiyentin üz ölçüləri, burun forması fərqlidir. İndiyədək eyni ölçüyə malik iki pasiyentə rast gəlməmişəm. Hər bir pasiyentə fərdi yanaşılmalı və onun üzünə uyğun burun forması seçilməlidir. Bəzən pasiyent əlində başqa bir adamın fotosunu gətirir və həmin burun formasını istədiyini deyir. Biz ona izah edirik ki, bu cür burun forması sizin üzünüzə yaraşmaz, biz sizə öz üz cizgilərinizə uyğun daha gözəl burun əməliyyatı edəcəyik.
– Bəs açıq, yoxsa qapalı əməliyyat daha üstündür?
– Bu sualı tez-tez verirlər. Rinoplastika çox inkişaf edib. Hazırda rinoplastikanın 12-yə yaxın növü var. Heç birinə də “ən mükəmməldir” demək olmaz. Hər üsulun üstün və əskik tərəfləri var. Bəzi pasiyentə bir neçə üsulu tətbiq etməli oluruq. Bu, pasiyentin burun forması və burnundakı problemlərlə bağlıdır. Daha yaxşı nəticə üçün hansı üsul effektiv ola bilərsə, onu da seçirik.
– Ən müasir üsullarla əməliyyat edirsiniz. Sizin etdiyiniz əməliyyatlarda ağrı və tampon olmur?
– Bəli. Əvvəlki əməliyyatlarda burun daxilinə sarğı bezindən, yaxud da silikondan hazırlanmış tampon yerləşdirilirdi. Tampon qoyulduğu zaman pasiyent nəfəs ala bilmir və üzündə çox şişkinlik yaranır. Həmçinin tampon ağrıya da səbəb olur. Artıq müasir üsullar və istifadə etdiyimiz ən son texnoloji tibbi cihazlar sayəsində buna ehtiyac qalmayıb. Biz ağrısız və tamponsuz əməliyyat edirik.
– Niyə bəzi əməliyyatdan sonra nəfəsalmada problem yaranır?
– Ona görə qeyd etdim ki, estetik əməliyyatdan öncə burun daxili də yoxlanılmalıdır. Əgər hər hansı bir problem, məsələn, çəpər əyriliyi varsa, o da düzəldilməlidir. Həmçinin burun daxili çox daraldılmamalıdır. Burun çox kiçik ölçüyə salınarsa, bu da nəfəsalmada çətinlik yarada bilər.
– Estetik burun əməliyyatı üçün plastik cərrah, yoxsa lor həkimi?
– Mən lor həkimiyəm, amma 15 ildir peşəkar rinoplastika ilə məşğul oluram. Hər zaman da vurğulayıram ki, kim əməliyyat edirsə-etsin, amma mütləq şəkildə burun daxilinə, burun daxili problemlərə hakim olan bir cərrah olsun. Çünki sadəcə buruna forma verməklə iş bitmir. Bəzi pasiyentlərdə sinusit, poliplər, adenoid, rinit kimi bir sıra burun daxili patologiyalar da olur. Lor həkimi estetik əməliyyat zamanı bu problemləri də aradan qaldırır.
– Estetik burun əməliyyatı üçün doğru cərrahı necə seçməli?
– Mütləq şəkildə araşdırmaq lazımdır. Gözüyumulu, reklamlara inanıb həkim seçmək doğru deyil. Sonra bunun ciddi zərərini görən və ikinci dəfə bizə müraciət edən pasiyentlər çox olur. Seçmək istədiyiniz cərrahı digər həkimlərdən, tibb personalından soruşun. Həkimin əvvəllər əməliyyat etdiyi pasiyentlərdən rəylər almaq ən doğru seçimdir.
Qeyd: Dr. Pərviz Aslanov rinoplastika və burun patologiyalarına aid bütün əməliyyatları yüksək səviyyədə icra edən mütəxəssisdir. Maraqlananlar həkimlə (055) 601-50-50 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/drparvizaslanov feysbuk, drparvizaslanov instaqram və https://www.youtube.com/@PervizAslanov yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.
Fazil Mustafanın evinin qarşısı – Foto+Video

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.
Həmin görüntüləri təqdim edirik:

“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video

Bakıda zəncirvari yol qəzası baş verib.
Hadisə dünən Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib.
01 BO 001 dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı avtomobil idarəetmədən çıxaraq “Hyundai Accent”ə çırpılıb. Zəncirvari qəzada yol kənarındakı digər avtomobillərə də ciddi ziyan dəyib.
Hadisəyə səbəb olan və zədələnən avtomobillərin lüks nəqliyyat vasitələri olması diqqəti cəlb edib.
“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video

Milli Məclisin deputatı Erkin Qədirli bir müddət əvvəl geniş müzakirələrə səbəb olan “Azərbaycanda demokratik seçki keçirilmir” fikirləri barədə bir daha danışıb.
Deputat İTV-də yayımlanan “3 D”nin aparıcısı Dadaş Dadaşlinskinin verilişində bunun xoş niyyətlə deyilən fikir olduğunu bildirib.
E.Qədirli qeyd edib ki, müsahibə zamanı özünü örnək göstərib: “Mən bunu gələcəkdə seçkilərin daha demokratik keçirilməsi üçün demişəm. Bu sözü hər zaman demişəm. Amma bu dəfə niyə belə partladı bilmirəm… Hətta bəziləri bildirirdi ki, Erkinə tapşırıblar deyə belə danışıb”.
O, aparıcının “Demokratik olmayan seçki və saxta seçki arasındakı fərq nədir?” sualına belə cavab verib: “Fərq çoxdur. Seçki, ola bilsin, saxta deyil, düzgün keçirilib, səslər sayılıb. Amma demokratik deyil. Çünki rəqabət ortamı olmayıb, media demokratik deyil, orada çox komponentlər var.
Və ola bilər ki, əksinə olub – Seçki demokratikdir, hansısa dairələrdə saxtakarlıq olub. Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox. Orada əminlik sözü önəmlidir”.
Ətraflı videomaterialda:
Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.
Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video

“Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.
Əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir.
21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurddur, gülüncdür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətində qalır.
Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?
Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.
Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.
Dənizkənarı bulvar idarəsinin mətbuat katibi Könül İmamverdiyeva suallarımıza cavab olaraq bildirdi ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə almalısınız.
Qurum rəsmisi onu da qeyd etdi ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnaməni əvvəldən axıra qədər oxuduq və heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlmədik.
Hüququqşünas Şamil Paşayev də Xəzər Xəbərə təsdiqlədi ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bayram günlərində 40 nəfər xilas edilib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu FHN-in Mətbuat xidmətindən məlumat verilib.
“Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, – rəsmi məlumatda bildirilib.
Həmçinin baxın
“La Vira – məxfi menyu” – DTX bunu ermənilərə necə “həzm etdirdi” – VİDEO
“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarladı – Video
DİN: “Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kq narkotik dövriyyədən çıxarılıb” – VİDEO
FHN: “Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir” – VİDEO
“Burun əməliyyatından, rinoplastikadan öncə bunları bilməyiniz vacibdir” – Dr.Pərviz Aslanov – VİDEO
Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO
Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO
Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla