Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra regionda genişmiqyaslı müharibənin baş verməməsi üçün avropalı və amerikalı yüksəkranqlı diplomatlar Yaxın Şərqdə təcili danışıqlar aparıblar.
Nəşrə görə, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora Tehranda “həyati əhəmiyyətli” danışıqlar aparıb, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk isə Səudiyyə Ərəbistanında olub.
Adıçəkilməyən rəsmilər qəzetə bildiriblər ki, müzakirələr İranı ya İsraili günahlandırdığı hücuma cavab verməməyə, ya da simvolik hərəkətlərlə məhdudlaşdırmağa inandırmaq üzərində qurulub. “Dünən gecədən bəri hamı Tehrana təzyiq edir ki, cavab verməsin və özünü saxlasın”, – danışıqlar prosesində iştirak edən Qərb diplomatı nəşrə açıqlayıb.