“Freedom House” 2023-cü il üzrə hesabatlarının ilkin variantlarını ictimailəşdirməyə başlayıb.

“Qlobal demokratiya və azadlıqlar indeksi”, “İnternet azadlığı indeksi” və digər bu kimi hesabatlar artıq təşkilatın veb-səhifəsində yerləşdirilib.

Ayrı-ayrı ölkələrin “azad”, “yarım-azad” və “qeyri-azad” kateqoriyalar üzrə təsnifatlaşdırıldığı bu hesabatlar hər il olduğun kimi, bu dəfə də ciddi etirazlara səbəb olub. İlk baxışdan görünür ki, təşkilatın apardığı “tədqiqatlar”, hazırladığı təhlillər elmi metodologiyalara deyil, siyasi konyukturaya əsaslanıb. 

Diqqəti cəlb edən haldır ki, hesabatların hətta preambula hissəsində də Çinin, Rusiya və İranın adları çəkilir. Bu dövlətlər “bütün azadlıq indeksləri üzrə pis tendensiyaların yaradıcıları” kimi təqdim edilirlər. Bilinən faktdır ki, adları çəkilən dövlətlər ABŞ-ın strateji planlarında hədəf seçilən, rəqib qismində görünən və “şər üçbucağı” adlandırılan ölkələrdir. Onlar eyni prinsip əsasında “Freedom House” tərəfindən də hədəfə alınırlar. ABŞ-ın siyasəti ilə uyğunlaşmayan bu və digər dövlətlər “qeyri-azad ölkələr” indeksi üzrə dəyərləndirilirlər. 

Nümunə olaraq göstərdiyimiz bu detal “Qlobal demokratiya və azadlıqlar indeksi”nin obyektivliyini şübhəyə alan yeganə məqam deyil. “Freedom House” ABŞ-ın siyasi hədəflərinə uyğun davranışlarını davam etdirərək, mərhələ-mərhələ digər dövlətlərə də yer ayırır. Türkiyə başda olmaqla, Türk Dövlətlər Təşkilatına üzv olan ölkələri də özünün qarayaxma kampaniyasına məruz qoyur. Bu tendensiyanı isbatlayacaq nümunələr verməklə, vəziyyətə aydınlıq gətirək. Qeyd edək ki, Ermənistan “Qlobal demokratiya və azadlıqlar indeksi”, həmçinin “İnternet azadlığı indeksi” üzrə 2-ci kateqiriyada, yəni, yarım-azad ölkələr sırasında yerləşdirilib. Türkiyə isə ondan geri pillədə – “azad olmayan” dövlətlər sırasında yer tutub. Türkiyəni Ermənistanla müqayisə etmək, Ermənistanı yüksək, Türkiyəni isə aşağı kateqoriyada göstərmək nümunəsi “Freedom House” tərəfindən hazırlanmış hesabatların gerçək məqsədini üzə çıxarır. Yeri gəlmişkən, qeyd edək ki, “Freedom House” tərəfindən hazırlanmış “İnternet azadlığı indeksi”ndə 100 ölkə arasında 39 ölkə qeyri-azad, 29 ölkə yarım – azad, 31 ölkə isə tam azad ölkə kimi göstərilib. ABŞ-ın merkantil maraqlarına rəqib olan dövlətlərin hamısı qruplaşdırılaraq, “39 qeyri-azad ölkə” kateqoriyasına sığışdırılıb. 

“Freedom House” “internet azadlığı indeksi”ni 13 ildir təqdim edir. Hər dəfə də hansısa yeni maxinasiyası ilə diqqət çəkir. 2023-cü il hesabatı da bu baxımdan istisna deyil. Sonuncu hesabatın “özəl xüsusiyyəti” “Freedom House” tərəfindən etnik-separatizmin dəstəklənməsidir. Problem ondadır ki, 2023-cü il hesabatında “Dağlıq Qarabağ” Azərbaycandan ayrıca, əlahiddə qurum kimi qiymətləndirilir. Beləliklə, ABŞ-ın son bir il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət “Freedom House” tərəfindən hazırlanan hesabatlarda da öz inikasını tapır. ABŞ Ermənistan–Azərbaycan münasibətlərinin “tənzimlənməsində” hansı maxinasiyaları tətbiq edirsə, “Freedom House” də “demokratik azadlıqlar indeksi”ndə eyni siyasəti təqib edir. “Dağlıq Qarabağ”ı əlahiddə subyekt kimi göstərməklə, Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Ən acınacaqlısı odur ki, hesabatda “Dağlıq Qarabağ” təkcə ərazi baxımından deyil, həm də “demokratik azadlıqlar” konteksində Azərbaycandan qoparılır. Hesabatda Azərbaycan “qeyri-azad”, “Dağlıq Qarabağ” isə “yarım-azad” ərazi kimi dəyərləndirilərək, Ermənistanla eyniləşdirilir. 

Məlumat üçün qeyd edək ki, “Freedom House” təşkilatı Azərbaycanın öz müstəqilliyini elan etməsindən başlayaraq, bu günə qədər heç vaxt ölkəmiz barədə obyektiv rəy verməyib. ABŞ 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na907-ci düzəliş edib Azərbaycanın müstəqilliyini təhdid altına aldığı kimi, “Freedom House” da bu illər ərzində hazırladığı hesabatlarda qərəz büruzə verib. O, ABŞ-ın siyasi mərkəzləri ilə sinxron davranışlarını bu gün də davam etdirir.

Əslində, bu cür konyunkturlu davranışlarını heç gizlətmirlər də. “Freedom House” öz veb-səhifəsində qeyd edir ki, o, ABŞ-ın siyasi maraqlarının qlobal təbliğatçısı və təşviqatçısıdır. Bu təqdimat artıq hər şeyi deyir. “Freedom House” ərazisində yerləşdiyi dövlətin siyasi maraqlarından çıxış edərək rəylər, hesabatlar hazırlayır və yayır. 

Əslində beynəlxalq təşkilat öz işini sifarişlərlə qurmamalıdır. Beynəlxalq təşkilat elan edibsə, müstəqilliyini qorumalı, obyektiv olmalı, gerçəkdən demokratik inkişaf, insan haqları, azadlıqlar uğrunda çalışmalıdır. Obyektiv hesabatlar hazırlamaq üçün, ilk növbədə, təşkilatın özü azad olmalıdır. Lakin gördüyümüz kimi, “Freeddom House” özü azad və müstəqil deyil. ABŞ siyasətinin bir qoludur. Onun hazırladığı “Qlobal demokratiya və azadlıqlar indeksi”, həmçinin, “İnternet azadlığı indeksi” də azadlıqların dəyərləndirilməsi üçün meyar kimi qəbul edilə bilməz.

Müşfiq ƏLƏSGƏRLİ,

İstinadlar Qafqazinfo