“Biz orda 44 günlük müharibənin yox, birinci Qarabağ müharibəsinin ağır nəticələrini gördük”.

Bunu fevralda Dağlıq Qarabağın Ağdam və Zəngilan bölgələrində reportaj hazırlamış Fransanın “France Culture” radio kanalının jurnalisti Valeri Krova (Valerie Crova) “Report”un yerli bürosuna bildirib.

Valeri Krova Dağlıq Qarabağda olduqdan sonra münaqişə haqqında daha düzgün məlumatlar əldə etdiyini bildirib: “Qafqaz regionu Fransadan uzaqdır və bu səbəbdən də orda baş verənləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsini anlamaq fransızlar üçün çətindir. Hətta biz jurnalistlər üçün belə, Qafqaz aktyorları ilə birlikdə mürəkkəb region təsiri bağışlayır. Yalnız ora gedib yaxından tanış olduqdan sonra reallıqları başa düşmək olur”.

Fransalı jurnalist birinci Qarabağ müharibəsinin ağır nəticələrini aşkar etdiyini bildirib: “Şuşanın azərbaycanlılar üçün çox vacib şəhər olduğunu, hətta onun Azərbaycanın mədəniyyət paytaxtı edildiyini bildiyimiz üçün ora getmək istəyirdik. Lakin təhlükəsizlik səbəbindən bizi ora buraxmadılar, Zəngilan və Ağdama getdik. Biz ora gedəndə müharibə artıq bitmişdi, atəşkəs idi. Beləliklə, 44 günlük müharibədən heç nə görmədik. Lakin birinci Qarabağ müharibəsinin ağır nəticələrini gördük. Bütün ərazi tamamilə boş idi: ermənilər oranın əhalisini təmizləmişdilər.

Dağlıq Qarabağda olduğumuz müddətdə orda yaşayan insan görmədik. Yalnız Ağdamdam 30 kilometr aralıda yaşayan bir qadına rast gəldik. Bundan başqa isə yalnız mina təmizləyənlərə və əsgərlərə rast gəldik. Azərbaycanın ermənilər tərəfindən ələ keçirilən ərazilərinin tamamilə minalandığını öyrəndik”.

İstinadlar Report