Erməni İnqilabi Federasiyasına (Daşnaksütyun) Moskva tərəfindən təxminən 1970-ci ildə Sovet Ermənistanında, sonra isə 1986-cı ildə Qarabağda hüceyrələr yaratmağa icazə verilib.

Bu barədə açıqlamasında ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib.

Ekspert Ermənistanın 1918-1921 və 1987-1991-ci illərdə həyata keçirdiyi etnik təmizləmə siyasətindən söz açıb: “1920-ci ildə baş verən hadisələrdə Ermənistanın daxili işlər naziri, Erməni İnqilabi Federasiyasının (ARF) lideri Ruben Ter Minasyanın mühüm rolu olub. Qaregin Njde 1921-ci il daxil olmaqla qısamüddətli “Dağ Respublikası” dövründə Zəngəzurda qırğınlar təşkil edib, nasistlərlə əməkdaşlığı ilə məşhur olub. Ter Minasyan da eyni istiqamətə malik olub. Onun “Xatirələri”ndə əmr etdiyi qətliam və sürgünlərə hər yerdə ermənilərin çoxluq təşkil etdiyi Ermənistan Respublikasına sahib olmaq istəyi ilə haqq qazandırılır. Ter Minasyan 1919-cu ildə “Ermənistan yox idi” adlı xatirələrində səmimi olaraq yazır ki, əgər bu respublikanın ərazilərinin demoqrafiyasına nəzər salsaq, “Ermənistandan daha çox “Tatarıstan” idi”.

M.Quen bildirib ki, Ter Minasyan ölkəsi üçün təkpartiyalı diktatura arzulayıb: “O hesab edirdi ki, məqsədləri vasitələrə haqq qazandırır. Bununla belə, onun xatirələrinə bir faktiki düzəliş edilməlidir: O, azərbaycanlıların Ermənistan vətəndaşı olmaqdan imtinasının təhlükəsizlik probleminə səbəb olduğunu iddia edir, lakin 1918-ci ilə qədər azərbaycanlıların azlıq təşkil etdiyi bu ölkənin bəzi yerlərində də qırğınların və sürgünlərin baş verib. Məsələn, Fransanın Qafqazdakı ali komissarı Damien de Martelin dediyinə görə, İrəvan Türkiyə sərhədində 1920-ci ilin iyununda 4000 nəfər öldürülüb və 36 000 insan “top güllələri ilə” qovulub”.

İstinadlar Report