“Fransada böyük erməni icması yaşayır və bu da ölkənin üzərinə Azərbaycan-Ermənistan arasında sülhün bərpa olunmasında böyük məsuliyyət qoyur. Nəhayət, Fransa həm BMT-nin üzvü, həm də Azərbaycanın dostu kimi məsuliyyətini anlamalı və hərəkətə keçməlidir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil bildirib.

Onun sözlərinə görə, Fransa BMT-nin üzvü kimi Xocalı həqiqətlərini öyrənmək üçün istintaqa başlamalıdır: “Bu günədək Fransa üzərinə düşən rolu oynaya bilməyib. Bu ölkə Qarabağ münaqişəsinin həllində də rol oynaya bilərdi. Lakin Fransa bu şansı əldən verib. Ən azı indi Fransa aktivlik nümayiş etdirməli, Xocalı faciəsinin öyrənilməsi üçün beynəlxalq istintaqın başlanması üçün hərəkətə keçməlidir. Biz Fransa prezidenti Emmanuel Makrona müraciət etmişik. Xocalıda faciə baş verib, bu da Fransada yaxından öyrənilməlidir”.

Loran Pultye dü Mesnil Xocalı faciəsi haqqında məlumatların hamıya, habelə erməni xalqına çatdırılmasının əhəmiyyətinə də toxunub: “Erməni xalqı sülhün bərpa olunması üçün həqiqətlərdən agah olmalıdır. Ermənilər anlamalıdırlar ki, Ermənistan ordusu və onun başçısı Azərbaycan xalqına qarşı qırğınlar törədib. Hamı həqiqətləri bildikdən sonra sülhə nail olunacaq. Hamı, habelə erməni xalqı nəhayət uzun müddətdir Azərbaycan xalqına dəyən ağır itki və ziyanlardan xəbər tutmalıdır”.

İstinadlar Report