Mişel Barnyenin yeni Fransa hökumətinə ilk etimadsızlıq qərarı dünən Fransa Milli Assambleyasında elan edilib və səsvermənin oktyabrın 8-də keçirilməsi gözlənilir.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Tərkibi və fəaliyyət baxımından bu hökumətin mövcudluğu son qanunvericilik seçkilərinin nəticələrinin inkarıdır”, – telekanal səsvermənin təşəbbüskarlarının sənədindən sitat gətirib.
BFMTV qeyd edir ki, Fransa parlamentinin aşağı palatasının 192 deputatının imzaladığı solçu “Yeni Xalq Cəbhəsi” (NFP) koalisiyasının bu demarşı Barnyenin Milli Assambleyada hökumət siyasəti ilə bağlı məruzə ilə çıxışından üç gün sonra həyata keçirilib. Kanal təşəbbüsün uğur şanslarının az olduğunu qeyd edir.
İfrat sağçı Milli Birlik Partiyası artıq hökumətə etimadsızlıq məsələsinə səs verməyəcəyini bildirib.
NFP deputatlarının fikrincə, ölkə prezidenti Matinyon Sarayına (Baş nazirin rəsmi iqamətgahı – red.) Milli Assambleyada ən çox yer qazanmış koalisiya olan Yeni Xalq Cəbhəsinin təklif etdiyi siyasi xadimi təyin etməli idi. NFP hökuməti məhz onların nümayəndəsinin təşkil etməli olduğunu düşünür.
Etibarsızlıq səsverməsinin başqa bir səbəbi kimi Barnye hökumətinin siyasi istiqaməti, daha dəqiq desək, icra hakimiyyətinin 2023-cü il pensiya islahatına, eləcə də son 25 ildə ən sərt kimi görünən 2025-ci ilin büdcə layihəsinə yenidən baxmaqdan imtina etməsi göstərilir.