
2020-ci ildə Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş redaksiyası qarşısında insanlara hücum edən pakistanlı miqrant 30 il müddətinə azadlıqdan məhrum olunub.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, 29 yaşlı pakistanlı terror törətməkdə təqsirli bilinib. Hakimlər kollegiyasının sədri, həmçinin onun Fransaya girişinə həmişəlik qadağa qoyulması və terrorçu cinayətkarların məlumat bazasına salınması barədə qərar qəbul edib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də “Charlie Hebdo” keçmiş redaksiyası yaxınlığında “Premier Line” agentliyinin iki əməkdaşı bıçaqlı hücuma məruz qalıb və ağır yaralanıb. Hücum edən şəxs günahını etiraf edib. O, öz hərəkətini jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dəfələrlə dərc etməsi ilə əsaslandırıb.