Milli Məclisin deputatı Elnur Allahverdiyev Fransa səfirinin geri çağırılmasının indiki halda populizmdən və ucuz siyasi gedişdən başqa bir şey olmadığını deyib.

Deputat “Report”a açıqlamasında bildirib ki, Fransanın Azərbaycandakı səfirinin “məsləhətləşmələr” adı altında Parisə çağırılması küsəyən və ərköyün uşaqların davranışını xatırladır:

“Əslində, belə bir addım Makron Fransasından gözləniləndir. Dünyanın aparıcı dövlətlərindən birinin rəhbərliyində belə qeyri-ciddi şəxslər təmsil olunurlarsa, həmin ölkədən nə desən, gözləmək olar. Bu gün Fransanın tək Azərbaycana qarşı deyil, dünyanın daha qlobal və təhlükəli problemlərinə naşı münasibəti bütün bunları təsdiq edir”.

Onun sözlərinə görə, əgər rəsmi Paris səfirini geri çağırırsa, diplomatik dildə bu, Fransanın nədənsə narazı və ya incik olması deməkdir: “Ancaq nədən? Parisdəkilər bu suala cavab axtarsalar, yaxşı olar. Cavabı tapsalar, “bəs biz nə etmişik ki, vəziyyət bu həddə gəlib çıxıb?!” kimi ikinci sual üzərində düşünmələri də pis olmaz. Fransanın bu addımının izahı olduqca çətindir. Əslində, Makron Fransası Azərbaycanın analoji addım atması üçün mümkün hər şeyi edib. Bunun üçün son üç ilə nəzər yetirmək kifayətdir. 44 günlük müharibə ərzində özünün Minsk qrupu çərçivəsindəki neytrallığını unudub Ermənistana dəstək çıxması, yaxud hərbi əməliyyatlar bitəndən sonra sülh prosesinə hər vəchlə maneələr yaratması Parisin destruktivliyinin bariz nümunələridir”.

Elnur Allahverdiyev

Elnur Allahverdiyev

Deputat xatırladıb ki, Fransa BMT-də beynəlxalq hüququ ayaqlar altına alıb, özünün imzası olduğu qətnamələrə önəm verməyib, Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyünə təhdid məzmunlu qətnamənin qəbuluna nail olunması üçün canfəşanlıq edib: “Bu gün Avropa Birliyindəki rıçaqlarından istifadə edib Azərbaycan barədə mənfi rəy yaradan, bizə qarşı iqtisadi və siyasi sanksiyaların qəbuluna çalışan da Fransadır”.

İstinadlar Report