“Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə də ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə bu ölkənin uzun müddətdir ki, Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqenin davam etdiyini göstərir:

“Fikrimcə, bu sənəd nəinki ikitərəfli münasibətlərə zərbə vurur, eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunması üçün atılan addımlara qarşı yönəlib”.

Deputat Vətən müharibəsindən sonra Fransa parlamentinin Azərbaycan əleyhinə iki qətnamə qəbul etdiyini xatırladıb:

“Eyni zamanda, Fransa 44 günlük müharibə dövründə, eləcə də sonrakı mərhələdə ölkəmizlə bağlı daim qərəzli mövqedən çıxış edib. İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar formalaşdırıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı zəfər Cənubi Qafqazdada təhlükəsizlik formatının əhəmiyyətli dərəcədə yenilənməsinə səbəb olub. Belə görünür ki, Fransa bu yeni konfiqurasiyadan narahatdır. Lakin bir vacib məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində istənilən dövlətin iştirakı mümkündür. Bunun üçün sadəcə səmimi olmaq, tərəflərə münasibətdə ən azı neytrallığı qoruyub saxlamaq vacibdir. Lakin Fransanın atdığı addımlar etimad yaratmır, əksinə, bu ölkənin ədalətli, obyektiv vasitəçi olmadığını göstərir”.

O, Fransanın uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı heç vaxt beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirmədiyini bildirib. Deputat qeyd edib ki, Azərbaycan hər zaman öz xarici siyasətini beynəlxalq hüquq normaları, etibarlı tərəfdaşlıq münasibətləri əsasında qurub:

“Lakin təəssüf ki, Fransa Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, Avropanın enerji təhlükəsizliyinə verdiyi dəyərli töhfələri qiymətləndirə bilmir, yaxud bunu sadəcə istəmir. Bu baxımdan, ikitərəfli münasibətlərdə yaranan etimadsızlığın səbəbkarı məhz Fransadır”.

R.Məmmədov deyib ki, Fransa tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir: “Onlar dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talayıb, xalqlarını uzun illər əsarətdə saxlayıblar. Unutmasınlar ki, Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Artıq Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı da danılmaz faktdır”.

Deputat qeyd edib ki, özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir:

“Hər kəsə gün kimi aydındır ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olan zaman Fransa bir dəfə də olsun onları işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi. İndiki şəraitdə Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə də ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz. Prezident İlham Əliyev bu il noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd etdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”.

R.Məmmədov hesab edir ki, artıq Fransanın Cənubi Qafqazda gedən proseslərə ciddi təsir imkanları olmayacaq:

İstinadlar Report