2020-ci ilin ilk on ayı ərzində dünyada minlərlə şirkət fırıldaqçı viruslar vasitəsilə həyata keçirilən kiberhücumların qurbanı olub. Bu barədə “Trend Micro” şirkəti və Yaponiyanın “Nikkei” biznes qəzetinin birgə hesabatında deyilir.

Tədqiqatın nəticələrinə görə, şirkətlər fırıldaqçı viruslarla tez-tez rastlaşırlar. Onlar informasiyanı bloklayaraq onu silmək və yaymaq təhdidi ilə cinayətkarların hesabına pul köçürməyi tələb edirlər.

Builki hücumlar hakerlərin informasiyanı bloklamaqla yanaşı, zərərçəkmiş şirkət tərəfindən pul ödənişindən imtina ediləcəyi təqdirdə onu yaymaq təhdidi ilə fərqlənir. Məsələn, belə hücumların son qurbanlarından biri videooyunların hazırlanması ilə məşğul olan Yaponiyanın “Capcom” şirkəti olub.

Hücumlara, həmçinin “Toyota Motor”, “LG Electronics” kimi şirkətlər məruz qalıb. Məlumata görə, əksər şirkətlər pul ödəməkdən imtina etsə də, 2019-cu ildə Yaponiya şirkətlərinin 32 faizi belə hücumlardan sonra fırıldaqçıların şərtlərini qəbul etməyə məcbur olub.

Nizam Nuriyev

İstinadlar ict news