FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Yuxarı Öysüzlü və Dondar Quşçu kəndlərində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.
Bununla əlaqədar İTV sujet hazırlayıb.
Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”.
Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.
Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.
Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.
Ətraflı İTV-nin videomaterialında:
“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.
O, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.
Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.
Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.
İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.
Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.
Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.
Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.
Mövzu ilə bağlı daha ətraflı süjetdə:
Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
“Qafqazinfo” həmin görüşlərin qısa videoicmalını təqdim edir:
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.
Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirməsi isə suallar yaradıb.
Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.
Prezidentləri güldürən sürpriz… – Video

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb.
Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin sünii intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda böyük maraqla qarşılanaraq dünya liderləri daxil olmaqla hər kəsin gülüşünə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.
Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.
Paşinyan İTV-yə müsahibə verdi – Video

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.
Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:
“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.
Ətraflı süjeti təqdim edirik:
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.
Hazırda tikinti üçün sənəd işləri hazırlanır.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.
Daha ətraflı “Xəzərxəbər”in süjetində:
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.
Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.
Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.
“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.
Zelenski Ankaradadır – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb.
Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq.
Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
***
Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.
10.4 kilometr magistral su xətti çəkilir – Video

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.
Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.
Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.
Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir. Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb.
İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.
Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Liftdə qalan 5 nəfər xilas edildi – Video

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.
Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.
“Avtoş”luq edən şəxs həbs olundu – Video

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.
Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır:
“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”.
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir.
Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.
Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Həmçinin baxın
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO