Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən K.Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib.
Nazir bildirib ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər sosial-iqtisadi yüksəliş və tərəqqi mərhələləri kimi tarixə qızıl hərflərlə daxil olub.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində milli təhsilimiz müasir dünya standartları səviyyəsində təşəkkül taparaq ölkəmizin hərtərəfli inkişafına mühüm töhfə verir.
Nazir Heydər Əliyev Fondu tərəfindən milli təhsilimizin inkişafı naminə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələri xatırladaraq onların əhəmiyyətindən danışıb.
Ali dövlət qayğısı sayəsində yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu deyən nazir kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.
Daha sonra mərasim FHN-in müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Amil Mirzəyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.
Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
FHN Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.
İstinadlar Qafqazinfo