FHN metroda təlim keçirilib – VİDEO
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “28 may” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib:
“FHN-in “112” qaynar telefon xəttinə metronun “28 may” stansiyasının 2-ci çıxışının marş zalındakı idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri “hadisə yerinə” cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib”.
Məlumatda qeyd edilib ki, FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
“Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub”.
Bugünkü yanğının havadan görüntüləri – Video
Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində güclü yanğın baş verib.
FHN beynəlxalq sertifikata layiq görüldü – Fotolar – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq sinifləndirilməsi prosesi həyata keçirilib.
Proses Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbər şəxslərinin, BMT-in Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın rəhbərlik etdiyi nümayəndə heyəti, 11 ölkədən qiymətləndiricilər və 7 ölkədən olan müşahidəçilər tərəfindən izlənilib.
Qiymətləndirmə prosesi çərçivəsində, əvvəlcə Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda iştirakla bağlı imkanları barədə təqdimatlar olunub, ekspertlərin sualları cavablandırılıb.
Sonra FHN BAXD-ın FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun beynəlxalq sinifləndirilməsi məqsədilə 36 saat ərzində fasiləsiz taktiki-xüsusi təlimə start verilib. Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində reallaşdırılan təlimdə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin canlı qüvvə və texnikası iştirak edib. Taktiki-xüsusi təlim Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən beynəlxalq qiymətləndiricilər və müşahidəçilər tərəfindən canlı izlənilib.
Taktiki-xüsusi təlim zamanı mobillik, planlama, loqistika, fəlakət bölgəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, hündürlükdə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, zərərçəkmiş ölkəyə əməliyyatların koordinasiyası üzrə dəstəyin göstərilməsi prosedurları həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması işləri həyata keçirilib. Təlim zamanı əməliyyatların müasir beynəlxalq idarəetmə və koordinasiya sistemləri üzərindən idarə olunması diqqət mərkəzində saxlanılıb.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
36 saat fasiləsiz davam edən taktiki-xüsusi təlim bitdikdən sonra qiymətləndiricilərin toplantısı keçirilib. Toplantının nəticələrinə əsasən, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG beynəlxalq sinifləndirilməsindən uğurla keçməsi barədə yekdil qərar qəbul olunub. Beləliklə, FHN-in Dəstəsi beynəlxalq arenada “MUSAR AZE-01” adı ilə təmsil olunacaq.
Bu nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan FHN-in daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.
Sentyabrın 26-da Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinə INSARAG beynəlxalq sinifləndirilməsindən keçməsinə dair sertifikat, koordinasiya qruplarının bayraq və şevronları təqdim olunub.
“Adam balasının üstünə gül gətirməz, balam, balam…” – Video
Bu gün səhər saatlarından Azərbaycanda Anım Günü ilə əlaqədar II Fəxri xiyabana ziyarətçi axını var.
Bu gün yenə bizi onlar birləşdirdi – gözü hələ də yollarda qalan anaları, bir-birinin dərdinə şərik olan bacıları, yarı ağlar qalan sevgililəri, oğlunun qəhrəmanlığından sinəsi qabaran ataları…
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin qürur yerimizdən hazırladığı təsirli görüntüləri təqdim edirik:
Bayramov Mirzoyanla bu barədə razılığa gəldi – Video
Xəbər verdiyimiz kimi, 26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər.
XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
“Oğlumu məzarla tanış etdim, öyrəndi ki, ata daşdır…” – Videoreportaj
O, seçilmiş idi. 200-dən çox şəxsin içindən Xüsusi Təyinatlı Qüvvələrə götürülən 20 nəfərdən birincisi idi. Allah da onu seçmişdi, mərdlik, güc-qüvvə, ləyaqət, sevgi… Heç nəyi əsirgəməmişdi. Söhbət Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovdan gedir!
“Qafqazinfo” Anım Günü ilə əlaqədar Zaqatalaya yollanaraq şəhidin ailəsinə baş çəkib, onunla bağlı xatirələri vərəqləyib.
500 kilometrdən artıq məsafə qət edib şəhidimizin ən qayğısız günlərinin keçdiyi rayona üz tuturuq. Tutqun payız havası, bir az da çiskin təbiətin gözəlliyini ört-basdır edə bilmir. Yoldan keçənlərdən İsmayıl Səmədovun evini soruşuruq, tanımırlar. Çətinliklə dolanbac küçələri keçib darvazasında bayraq dalğalanan ənənəvi şəhid evini tapırıq. Sonradan öyrənirik ki, İsmayıl bu evdə heç yaşamayıb, sakinlərin tanımaması normaldır. Ailəsi hərbi şəhərcikdəki mənzildən bura onun şəhadətindən sonra köçüb.
Bizi şəhidin anası Həlimət Səmədova qarşılayır. Şəhidin ata-baba yurdu olan Zaqatalanın Lahıc kəndindən bura bir neçə günlük, bu il birinci sinfə gedən nəvəsi Nurgülün hazırlıqları üçün gəlib.
Məlum olur ki, İsmayılın Zaqataladakı uşaqlıq həyatı düşündüyümüz qədər qayğısız keçməyib. Həlimət ananın sözlərinə görə, həmin illərdə ailə maddi çətinlik içərisində olub, övladları bir-birinin paltarları, qohumların köməyi ilə böyüyüblər. Buna baxmayaraq, İsmayıl elə uşaqlıqdan çox ailəcanlı, mərd oğul olub. Ermənilərin törətdikləri faciələrin nəticələrini görə-görə böyüyüb. Sanki bütün bunlar onda qisas hissi yaradıb. Ailə daha yaxşı təhsil arzusu ilə 9-cu sinifdən kimya-biologiya təmayüllü liseyə qoysa da, o, çox sevdiyi arzularının dalınca gedərək hər kəsi təəccübləndirib. Valideynləri onun hərb sahəsini seçməsindən, Xüsusi Təyinatlı Qüvvələrə seçilməsindən sonradan xəbər tutublar.
“Dedi, anacan, nəsə bir şey olanda, bu şəkli qabaqda tuturlar…”
Uşaqlığı kimi Ali Hərbi Akademiyadakı tələbəliyi də qayğısız keçməyib. Digər kursantlar kimi valideynlərinin ona pul göndərməyə imkanı olmayıb. Özünə təqaüdü ilə mobil telefon alıb. Hələ aylıq tələbə pulu ilə ailəsinə də köməklik edib: “Bacısının toyu olmalı idi. Zəng elədi ki, ana, bacıya nə almısınız, nəyi var, nəyi yoxdur? Dedim, heç nə almamışıq, gözləyirik ki, fındıq yetişsin… Həftəsonu gəl, bacıya bir-iki şey alaq, dedi. Üstümdə də cəmi 100-200 manat pul var idi. Bir qəşəng iri xalça götürdü. Dedim, ay oğul, buna bizim gücümüz çatmaz. Bildirdi ki, pulunu özü verəcək. Soruşdum səndə pul haradandır? Uşaqlarım heç vaxt yalan, haram bilməyiblər. Dedi, uşaqlarla yığışıb lotereya oynadıq, birincini mənə verdilər. Xalça, ütü, tozsoran aldı bacısı üçün…”
Evdə şəhid üçün ayrılmış kiçik guşədə İsmayıl Səmədovun Prezidentlə fotosu diqqətimizi çəkir. Bu foto İsmayılın Aprel döyüşlərində iştirakından sonra çəkilib. Döyüşlərdə göstərdiyi şücaətə görə dövlət başçısı İlham Əliyev tərəfindən təltif edilən bir qrup XTQ əməkdaşı arasında İsmayıl da olub: “Sonradan deyirdi ki, çox həyəcanlı idim. Demişdilər, Prezidentin gözlərinin içinə baxarsan. Qayıdandan sonra hərbçi yoldaşları ona zarafatla deyiblər ki, İsmayıl, gəl, səninlə görüşək, sən Prezidentlə görüşmüsən, əlimiz kişi əlinə dəysin…”
Vətən müharibəsindən sonra İ.Səmədova Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə, Vətən uğrunda və Vətən Müharibəsi Qəhrəmanı medalları verilib. Bir o qədər medalı da sağlığında alıb. Şəhid anası deyir ki, oğlu ailəsi ilə çox şeyi bölüşməzmiş, buna görə də onun sağlığında aldığı medalların çoxunu şəhid olmasından sonra görüb…
“Akademiyanı təzə bitirəndə ona hərbi formada böyüdülmüş şəklini vermişdilər. Evə gətirdi. Dedim, ay oğul, bunu nə əcəb məktəbdən sənə veriblər? Dedi, anacan, bu şəkil lazım olur, nəsə bir şey olanda, bu şəkli qabaqda tuturlar. Güldü… Dedim, dilin qurusun, o nə sözdür mənə dedin?! Cavab verdi ki, ana, sən hər şeyə hazır olmalısan, mən hərbçiyəm”, – Həlimət ana İsmayıldan ürəkdolusu danışır.
Sonra o kart şəhid kartı ilə əvəz olundu…
Ailənin şəhidimizlə sonuncu görüşü o qədər ürəkdağlayandır ki, onu sakit dinləmək mümkün deyil: “Axırıncı gəlişi atasının ad günü ərəfəsinə düşmüşdü. Həyətdə heyvan kəsib kabab edirdik. Dedi ki, siz bu günləri çox arzulayacaqsınız. Mən də elə bildim ki, o sözləri deyəndə bizi-ana-atanı itirməkdən qorxur…
Pensiyadan söhbət düşmüşdü, atası dedi ki, mən inanmıram, pensiya yaşına çatınca qalam. Çünki ürəyində problem var idi. Məzuniyyəti bitdi, İsmayıl şəhərə qayıtdı, iki gün keçmədi, atasına zəng elədi ki, get özünə kart açdır, sənə hər ay pul vuracağam. Bilmirəm, ürəyində qaldı ki, atası birdən pensiya almaz… İki-üç dəfə pul vura bildi, sonra o kart şəhid kartı ilə əvəz olundu. İndi atası o kartla şəhid təqaüdü alır…
Sağ olsun dövlətimiz, balalarına, bizə hər cür qayğı göstərir, evlə də təmin olunmuşuq. İsmayılın adı Zaqatalada 5 nömrəli məktəbə verilib. Çox istəyərdik ki, məktəbə büstü də qoyulsun. Hər şey var, amma heç nə yoxdur. Bizim xoş günlərimiz İsmayılla getdi…
Uşağa demişik ki, ata cənnətdə, güllərin içindədir. Bu il balası məktəbə gedib. Sağ olsunlar, o boyda yolu XTQ-nin hərbi hissəsindən hədiyyə ilə, güllə hərbçilər gəldilər. Uşağa deyirəm ki, bunlar sənin atanın dostlarıdır. Deyir, onlar cənnətdən gəliblər, bəs mənim atamı niyə gətirməyiblər?”
Həmsöhbətim deyir ki, bəzən subay övladı şəhid olan analar ona, heç olmasa, nəvələrinin təsəlli olduğunu bildirirlər. O isə “kaş İsmayılı evləndirməzdim, bu dərdi tək çəkərdim” cavabını verir: “Mən o gəlini, onun yuxusuz gecələrini görəndə… Nə vaxt ayılıram, görürəm İsmayılla olan videolara baxır, səsinə qulaq asır – yüz dəfə ölürəm. O uşaq atasını soruşanda da deyirəm, kaş mən ölərdim. Kaş oğlumu evləndirməmiş olardım…”
İsmayıldan sonra ailəsi həm də onun döyüş yoldaşlarının xatirələri ilə təskinlik tapır: “Qonşu kənddən bir oğlan var idi, “mən İsmayılın qisasını alacağam” deyirdi. Sonradan antiterror hadisələrində şəhid oldu. O danışırdı ki, bir dəfə müharibə vaxtı soyuqlayıbmış. Deyir boğazımız qurumuşdu. İsmayılın həmişə ehtiyatı olurdu, çantasından balaca şüşədə su çıxartdı. Udum-udum hərəmizə bir qapaq verdi, mənə ikisini verdi. Sonra uşaqlara dedi ki, elə bilərsiniz, yerlibazlıq edirəm. Mən öz payımı ona verirəm ki, o xəstədir, onun daha çox suya ehtiyacı var.
Oğlum özü də namaz qılıb-oruc tutardı. Döyüşdə uşaqlara deyərdi ki, tez-tez kəlmeyi-şəhadət gətirin”.
Məzar yerini də özü seçibmiş…
Şəhidin atası Məhəmməd Səmədov qəhərdən danışa bilmir. Deyir ki, övladı ilə bağlı ürəyi dolu olsa da, dili tutulur. Onunla yalnız şəhidimizin məzarı üstündə çox qısa söhbətləşmək imkanımız olur: “İsmayıl əmisi oğluna demişdi ki, şəhid olsam, məni burada dəfn edərsiniz. Yerini özü seçmişdi. Həmin yerdə də dəfn elədik…
…İsmayıl haqda danışmaq çox ağırdır. Çox vətənpərvər, vətənə bağlı uşaq idi. O qədər bağlı idi ki, müharibəyə gedəndə oğlunun əlinə bayraq verib, deyib bacını da, ananı da sənə həvalə edirəm. Mən getdim, ya gələrəm, ya gəlmərəm… Allah bütün şəhidlərə rəhmət eləsin!”
Qəhrəmanımızla bağlı ən kövrək xatirələri həyat yoldaşı Bəsti Səmədova dilə gətirir, İsmayılla tanışlığından, birgə yaşadıqları 4 ildən və bu 4 ilə sığan bir ömürlük xatirələrdən bəhs edir: “İsmayıl məni sinif yoldaşımın toyunda görüb xəbər göndərmişdi. Necə deyərlər, könlümü oğurladı. Toyumuz Aprel döyüşlərindən sonra olub. Həyat elə bil yavaş-yavaş bizi silkələyir, bütün çətinlikləri göstərirdi. Aprel döyüşlərindən qayıdanda hamı onu ağlayaraq qarşılamışdı, deyirdi, sən yeganə insan idin ki, məni gülə-gülə qarşıladın. 4 il yarım evli olmuşuq, amma, bəlkə də, 40 ilə bərabər evlilik həyatı yaşamışıq. Çox yaxşı insan idi, hələ də elə bilirəm, nə vaxtsa çıxıb gələcək.
Qızım Nurgül 2018-ci ildə, oğlum Mehdi isə 2020-ci ildə doğulub. Oğlum atasını cəmi 9 ay görə bildi. Onlara İsmayılı anlatmaq çox çətindir. Əsas da Mehdinin ata anlayışı yoxdur, elə bilir ki, ata əmi, dayı kimidir, tam dərk eləmir. Zamanla yəqin ki, dərk edər. Əvvəl əmisinə ata deyirdi. Onu aparıb atasının məzarı ilə tanış etdim. Sonra öyrəndi ki, ata daşdır…”
“Elə bilirdim, o, gülləkeçirməzdir”
Şəhid xanımı deyir ki, evlənənə kimi İsmayılın nəinki XTQ mənsubu, heç zabit olmasını belə bilməyib: “Mən İsmayılın zabit olduğunu evlənincə bilmişəm. Heç soruşmamışam da. Çünki mənə o qədər güvən vermişdi ki, maraqlı deyildi nə qədər maaş alır, harada işləyir, hara gedəcəyəm, evimiz varmı… Hərbi şəhərcikdə yaşamışıq, az-çox ora gedəndən sonra mənə bəzi şeyləri başa saldı. Çox boy-buxunlu deyildi, amma o qədər iradəli insan idi ki. Mən elə bilirdim, o, gülləkeçirməzdir. Aprel döyüşlərindən də gəlmişdi, elə bilirdim, ona heç nə olmaz, İsmayıl bizi qoyub getməz. Deyirdi, sən qorxma, şəhid çox ucadır, biz ola bilmərik. Qismət…
Hərbi şəhərcikdəki mənzilimizdə divanımız yox idi. Dedi, belə olmaz, sabah gedək künc divanı alaq. Lakin qismət olmadı, səhər tezdən toplanışa çağırdılar. Həmin günü 3 dəfə getdi, qayıtdı. Axırıncı dəfə qayıdanda oğlumu qucağına alıb qaldırdı, dedi ananla bacın sənə əmanət. Evin kişisi sənsən. Çıxdı, qaçıb pəncərədən də dalınca baxdıq, əl elədi getdi. Heç ağlıma da gəlməzdi ki, bu, son gedişdir…”
“Mutlu” son olmadı, “mutlu” sonsuz oldu…
Həmişə hər şeyə, hamıya qarşı diqqətli olan İsmayılın nişan günlərində zəng etməməsi Bəsti xanımın ürəyində şübhə yaradıb: “Oktyabrın 11-i gecəsi bir azca yatmadım. Heç demə, həmin gün – nişanımız olan gün şəhid olubmuş…
…Darvazalar açıq, hər kəs bizdə idi… Ondan o tərəfi yadıma gəlmir. Nəşini gətirdilər, üzünü açdılar, baxdım. Sanki gülümsəyirdi. Qırx gün yas, uşaqlar, heç nəyi xatırlamıram. Uşaqlar da elə əldə-ayaqda olublar, Mehdi necə gəzib, necə danışıb bilmirəm. Nurgül şanslı oldu ki, heç olmasa, 3 il atasını gördü. Mehdi isə cəmi 9 ay, o da yarı-yarımçıq gördü.
Mehdinin atası ilə bir yerdə ad günü olmayıb. Qırxı çıxandan sonra onun üçün qonaqlıq elədi. Allah sanki onun beyninə salmışdı ki, özündən sonra bir xatirə qalsın. Torta kimi bişirtdirdi, böyük bir qonaqlıq oldu, şəkillər çəkildi, çoxlu oynadı.
Evdən gedəndə də kartın koduna qədər, kimə borcu, alacağı vardısa, hamısını yazıb verdi.
İndi uşaqlara atalarını izah etmək çətindir. Onlara deyirəm, ata qəhrəmandır və buna görə də cənnətdədir. Sual verirlər ki, bəs niyə əmi və ya filankəslər cənnətə getməyib?”
Şəhid xanımı 4 ildir, həyat yoldaşının sevdiyi yeməkləri bişirmir, onunla bir gəzdikləri, onu xatırladan yerlərə getmir. Çox darıxanda isə üz tutduğu yer məzarıdır: “Bizim bütün xatirələrimiz hərbi şəhərciklə bağlıdır. Ora ilə bağlı heç bir şəklə baxmıram, çünki pis təsir edir. Ən çox darıxdığımda hərbi maykalarını qoxulayıram. Çünki onlardan spesifik qoxu gəlir. Paltarlarını çamadana yığmışam, cəsarətim yoxdur ki, qapağını açım… Heç bir şeylə təsəlli tapa bilmirəm, ürəyim çox dolanda məzarı üstünə gedib ürəyimi boşaldıram. Ümid edirəm ki, bəlkə, bir yuxuma gələr, mənə cavab verər.
…Onda hələ nişanlı idik, mənə ad günümdə məktub yazmışdı, axırda qeyd eləmişdi ki, həmişəki kimi yenə sən oradasan, mən burada… Bir də yazmışdı ki, bizim mahnımızdakı kimi, “mutlu” son olmasın, “mutlu” sonsuz olsun. Həqiqətən “mutlu” sonumuz olmadı, sonsuzluğa qaldı…”
Həqiqətən o, eyni zamanda təmiz, saf sevginin simvolu idi. Həm ailəsinə, həm canını fəda etdiyi torpağına, həm də Allaha sevginin. Onun həyatı bir süjet, bir film üçün o qədər zəngindir ki, bir məqaləyə necə sığışdıracağımı bilmirdim. Bircə onu bilirdim ki, bundan sonra Zaqatala mənim üçün həm də İsmayıl Səmədov deməkdir – öz “mutlu” sonsuzluğuna qovuşmuş qəhrəman…
Gülnar Əliyeva
Foto-Video: Xəyal Vəlizadə
Gəncədə qanunsuz inşa olunan tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Nəriman Nərimanov prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Prezident qırıcıda… – Video
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
“Qafqazinfo” həmin anın videosunu təqdim edir:
Bakıda bu ərazidə evlər söküləcək – Video
Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq.
Evlər söküldükdən sonra ərazidə park salınacaq.
Artıq 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi olan ərazidə yerləşən evlərin siyahıyaalınma prosesinə start verilib. Sakinlər Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən söhbət getdiyini desələr də, iddia edirlər ki, təkcə fərdi evlərə deyil, ərazidəki bütün köhnə tikililərə də baxış keçirlib.
Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Cəmil Qarayev “Xəzər Xəbər”ə təsdiqləyib ki, həmin ərazidə söküntü olacaq. Əhaliyə məxsus fərdi yaşayış evlərlərlə yanaşı, köhnə tikililər sökülərək yerində park inşa olunacaq.
Hazırda Nizami və Lev Tolstoy küçələrində yaşayış fondunun inventarizasiyası aparılır. Siyahıya alınma prosesi başa çatdıqdan sonra köhnə tikililərin memarlıq abidəsi olub – olması yoxlanılacaq. Fərdi yaşayış evlərinin dəqiq sayı da müəyyənləşəcək. Evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Kompensasiyanın dəqiq məbləğini isə Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
8 Noyabr prospektində asfaltlanma işləri ilə bağlı vəziyyət necədir? – Video
8 Noyabr prospektində aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.
Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
Asafaltlanma işləri yekunlaşan kimi avtonəqliyyat vasitələrinin hərəkəti üçün qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da prospekt boyunca rahat və fasiləsiz gediş-gəliş təmin olunacaq.
Qeyd edək ki, yenidənqurma işləri ilə əlaqədar prospektin 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində müvəqqəti olaraq avtonəqliyyat vasitələri üçün əks istiqamətdə ikitərəfli hərəkət təmin olunub.
Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
Maşınla üstündən keçildiyi deyilən kişinin qətlinin – Detalları+video
Xəbər verdiyimiz kimi, Yevlaxda 39 yaşlı kişinin üstündən avtomobillə qəsdən keçilərək öldürüldüyü deyilir.
Qətl hadisəsi rayonun Nizami parkı yaxınlığında baş verib.
Rayon prokurluğuna 39 yaşlı Elvin İbrahimovun ölməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı 43 yaşlı Zamin Cavadovun şəxsi münasibətlər zəminində Elvin İbrahimovu avtomobillə vurmasına, daha sonra isə həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun yaxınları iddia edirlər ki, şübhəli şəxs əvvləcə Elvinin idarə etdiyi minik avtomobilini öz maşını ilə vurub, sonra isə özünün üzərindən keçib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.
“Report” icmalı təqdim edir:
İllər sonra bulvarda dəniz gəzintisi bərpa edilir – Video
Son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb.
verilən görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.
Bir neçə idir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.
“Mirvari” gəmisinin Dənizkənarı Milli Parkda yenidən görüntülənməsi “bulvarda gəmi gəzintisi bərpa edilirmi?” sualını yaradır.
Bu səbəblə də Dənizkənarı Bulvar İdarəsinə sorğu ünvanladıq.
İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva saytımıza artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlərin görüldüyünü, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrutun müəyyənləşdirildiyini və gəmi səyahəti üçün hazırlıqların aparıldığını bildirdi:
“Bildiyiniz kimi, Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi.
Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək”.
Prezidentin bugünkü çıxışının tam – Videosu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
“Qafqazinfo” dövlət başçısının çıxışının tam videosunu təqdim edir:
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – VİDEO
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib.
Idarə sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Belə ki, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən instaqram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.
Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə, 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.
Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub. Belə ki, bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb. Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.
İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası CM-in 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Bakıda obyekt yandı – Video
Bakının Binəqədi rayonunda yanğın olub.
Bu Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 900 kv.m. olan üçmərtəbəli mansard tipli obyektin 3-cü mərtəbəsində yerləşən restoranın yanar konstruksiyaları və dam örtüyü 165.kv.m. sahədə yanıb.
Restoranın qalan hissəsi, obyektin 1 və 2-ci mərtəbəsində yerləşən mebel salonu, o cümlədən yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb – VİDEO
Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı həmin sexin sahibi 1987-ci il təvəllüdlü Ramiz Kojaevi saxlanılıb. Onun Suraxanı rayonu Bülbülə qəsəbəsindəki sexində müxtəlif əmtəə nişanları adı altında qabyuyan maye,sabun,ağardıcı və digər bu tipli təmizləyici vasitələr istehsal etdiyi müəyyən edilib.
Həmçinin,obyektdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi, istehsalı aparılan məhsulların müvafiq standartlara cavab vermədiyi və istehlakçıların hüquqlarının qorunmasına dair tələblərin pozulduğu aşkarlanıb.
Toplanmış material üzrə Suraxanı Rayon Polis İdarəsində istintaq araşdırmaları davam etdirilir.
Həmçinin baxın
8 Noyabr prospektində asfaltlanma işləri ilə bağlı vəziyyət necədir? – Video
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – VİDEO
“Haber Global”: Azərbaycanın antiterror əməliyyatını şərtləndirən faktorlar var idi – VİDEO
Qayınanasının taleyini yaşayan gəlin – 40-a çata bilməyən ata-oğul… – VİDEO
“Doğma sahillər”də SEFF-in ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq – Video
HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla