Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsi ilə Regional Mərkəz arasında fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində razılaşdırılmış qarşılıqlı fəaliyyət planına uyğun olaraq fövqəladə hallar zamanı, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı davranış qaydalarına dair nəzəri-praktiki tədbir keçirilib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Daha sonra hərbi hissənin həyətində davam etdirilən praktiki məşğələ zamanı hərbi hissənin ştatdankənar yanğınsöndürmə komandası tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə odsöndürücü balonlar və digər əlaltı vasitələrlə yanğın ocağının praktiki olaraq söndürülməsi, eyni zamanda şərti olaraq baş vermiş yanğın zamanı xəsarət alanların təhlükəsiz əraziyə təxliyə edilərək, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi hərəkətləri yerinə yetirilib.




İstinadlar Qafqazinfo