Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb.

ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis edilib və rüşvətə qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.

ISO 37001 standartının tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən edilməsi, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiq edilməsi sahəsində üstünlüklər verir. Eyni zamanda, maraqlı tərəflərə qurumun rüşvət hallarının qarşısını almaq üçün müsbət addımlar atdığına dair təminat verir.

Sertifikat Agentlikdə rüşvət əleyhinə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı, həmçinin idarəetmədə şəffaflığın artırılmasına zəmin yaradır.

Bu standartı əldə etmək üçün işçilərin təlim kursuna cəlb edilmələri və rüşvət əleyhinə idarəetmə sistemini çalışdıqları sahədə tətbiq etmələri, eləcə də Agentlikdə rüşvət əleyhinə idarəetmə sisteminin tətbiqinin qiymətləndirilməsi mərhələləri uğurla başa vurulub. Amerika Birləşmiş Ştatlarının ən böyük qeyri-hökumət akkreditasiya qurumlarından biri olan “ANSI National Accreditation Board” (ANAB) tərəfindən akkreditə olunmuş “Denetik International Certification and Surveillance Services” şirkəti bu işlərin yekunu olaraq, Agentlikdə tətbiq edilmiş rüşvət əleyhinə idarəetmə sisteminin İSO 37001:2016 standartına uyğunluğunu sertifikatla təsdiq edib.

Onu da qeyd edək ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nomrəli Sərancamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.11-ci bəndini icra edərək, öz fəaliyyətində sözügedən standartı tətbiq edən ilk dövlət qurumlarındandır.


İstinadlar Qafqazinfo