FHN çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib, nöqsanlar ortaya çıxıb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində birgə təlim keçirib.
FHN-dən verilən xəbərə görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib:
“Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi və sistemdə su olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə cavab vermədiyi və avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun olmadığı da müəyyən edilib”.
Məlumatda qeyd edilib ki, nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb:
“Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektiv keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”- deyə məlumatda bildirilb.
“Haber Global”: Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir – VİDEO
Azərbaycan tərəfindən Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına məktəbin inşası iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir.
Bu barədə Türkiyənin “Haber Global” televiziyasının 2023-cü ilin fevralında baş vermiş dəhşətli zəlzələ nəticəsində ciddi ziyan görmüş Kahramanmaraşda salınan Azərbaycan məhəlləsindəki məktəblə bağlı hazırladığı geniş videomaterialda qeyd olunub.
Məlumata görə, bu, zəlzələdən sonra Azərbaycan məhəlləsində inşa edilərək istifadəyə hazır olan ilk tikilidir: “Bütün məhəllədə ciddi inşaat prosesi gedir. Bu prosesin gələn il fevralın sonuna qədər davam edəcəyi gözlənilir”.
Qeyd olunub ki, şagirdlərin təhsili üçün hər cür şərait yaradılıb: “Məktəb üç mərtəbəlidir. Burada yeməkxana, kitabxana, bufet var”.
Süjetdə, həmçinin zəlzələdən sonra Azərbaycanın Türkiyəyə göstərdiyi humanitar yardım barədə də geniş məlumat verilib.
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur – Video
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti istehlakçıların içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, eləcə də mövcud sistemlərin müntəzəm işinin təmin olunması məqsədilə yeni layihələr həyata keçirir.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərində içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işləri aparılır. Hazırda planla nəzərdə tutulmuş işlərin əksər hissəsi yekunlaşıb.
Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, 15 nöqtədə abonent xətləri çəkilib və birləşmələr verilib.
Corat küçəsində içməli su xəttinin inşası işləri yekunlaşmaq üzrədir. Həmin prospektin müxtəlif nöqtələrində mövcud içməli su xətlərinin dəyişdirilməsi işləri davam etdirilir.
Eyni zamanda Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində, Səbail rayonu Parlament prospekti, Teymur Elçin küçəsində, Nərimanov rayonu Əhməd Rəcəbli, Əhməd bəy Ağaoğlu küçələrində, Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində, Salyan şosesi boyu – Bibiheybət şosesindən Lökbatan dairəsinədək, Dilarə Əliyeva küçəsi boyu, o cümlədən şəhərin müxtəlif yerlərində içməli su xətləri dəyişdirilib və ya təmir-bərpa işləri yerinə yetirilib.
İçməli su şəbəkələri ilə yanaşı tullantı su xətlərinin də təmiri, bərpası, yenilənməsi həyata keçirilib. Tədbirlər Planına uyğun olaraq, Bakı buxtası, Su İdman Sarayı, Dünyagöz xəstəxanası, Bulvar İdarəsi, Yusif Məmmədəliyev küçəsi, “Mariot” otelinin ətrafında və şəhərin müxtəlif nöqtələrində yağış kollektorlarının dənizə çıxış hissələrinin uzadılması işləri görülüb.
Nəcəfqulu Rəfiyev küçəsində mövcud yağış kanalizasiya xəttinin dənizə çıxış hissəsində neft tutucu qurğu yerləşdirilməsi üçün kamera yağış xəttinin tikintisinə start verilib.
8 Noyabr prospekti boyu müxtəlif küçələrdə, Binəqədi rayonu Cəfər Xəndan küçəsində, Azadlıq prospektinin kəsişməsində, Səbail rayonu Bibiheybət döngəsi və şəhərin müxtəlif yerlərində kanalizasiya xətlərinin dəyişdirilməsi və ya təmir-bərpa işləri həyata keçirilib.
Səbail rayonu, Bibiheybət döngəsi, Şamaxı yolu Hökməli dairəsi yaxınlığında kanalizasiya kollektoru tikilib. Tədbirlər Planında işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır. Bu barədə xidmətin sosial şəbəkə hesablarında elanlar yayımlanır, media orqanlarında məlumatlar dərc olunur. Maksimum səviyyədə səy göstərilir ki, yenidənqurma zamanı suyun verilməsində, kanalizasiya sistemlərinin idarə olunmasında əhali çətinlik yaşamasın, fasilələrin müddəti qısa olsun və işlər daha tez yekunlaşsın.
FHN komandası bürünc medal qazandı – Video
5-11 sentyabr tarixlərində Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.
Yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.
Çempionatda iştirak edən FHN komandası böyük uğura imza atıb.
Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan FHN əməkdaşları 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.
FHN komandasına çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.
Xocalıda yanğın olub, əraziyə helikopterlər cəlb edilib – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Türkiyədə itkin düşən azərbaycanlı uşaq ağacda yatmış halda tapıldı – Video
Türkiyənin Çanaqqala şəhərinin Əzine rayonunun Pınarbaşı kəndində itkin düşən 12 yaşlı azərbaycanlı Rəsul Quliyev axtarış qrupları tərəfindən 7 kilometr aralıda ağacın üstündə yatarkən tapılıb.
Bu barədə “Sputnik Türkiye” məlumat yayıb.
Hadisə 9 sentyabr saat 16:00 radələrində baş verib. Azyaşlı səhər saatlarında ailəsi ilə birlikdə məktəbə gedib. Məktəbdən qayıdarkən çantasını cıran 12 yaşlı Rəsul vəziyyəti anasına danışıb. Ana Yaqut Əsgərova Rəsula xəbərdarlıq edib. Xəbərdarlıqlardan sonra qorxan uşaq evi tərk edib.
Axşam saatlarında övladlarının evə qayıtmadığını görən ailə vəziyyəti “112” Təcili Xidmət Xəttinə məlumat verib. Hadisə yerinə cəlb edilən qruplar kənd və ətrafında genişmiqyaslı axtarışlara başlayıb. Kənddəki təhlükəsizlik kameraları bir-bir yoxlanılıb. Rəsul sonuncu dəfə kəndin çıxışında təhlükəsizlik kamerasına düşüb.
Görüntülərə əsasən qruplar, uşağı evindən 7 kilometr aralıda, Bozcaalan adlanan ərazidə ağacın üstündə yatarkən tapıblar.
Rəsul sağlamlıq qrupları tərəfindən müayinə olunmaq üçün xəstəxanaya göndərilib.
Xaçmazda ana 7 yaşlı qızına ağır xəsarətlər yetirib? – Video
Xaçmaz rayonunun Xudat şəhərində ananın öz övladına ağır xəsarətlər yetirdiyi deyilir.
Bu barədə “Xəzər Xəbər” süjet yayımlayıb.
Məlumata görə, Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə 7 yaşlı qızına ağır xəsarətlər yetirib.
Hadisə baş verən zaman ata evdə olmayıb. Xəsarət alan azyaşlının ailənin ən böyük övladı olduğu bildirilir.
Övladlarının oyun oynamasına əsəbiləşən 7 yaşlı qızını dəmir parçası ilə döyüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən ana sağlamlığı ilə bağlı xəstəxanaya yerləşdirilib.
Hazırda xəsarət alan azyaşlının müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam edir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu isə bildirib ki, ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər.
Ətraflı videomaterialda:
Altı ölkənin xüsusi təyinatlıları birgə təlimdə – Video
Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub.
Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir.
Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcəkdir.
Təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər.
Zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi “Sonsuz qardaşlıq- III” çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir.
“Əgər işlər görülməsəydi, ölkədə 60 faiz enerji istehsalı dayana bilərdi” – VİDEO
Son on illikdə Kür çayında və ən əsası Xəzər dənizində su səviyyəsinin kəskin şəkildə aşağı düşməsi bir çox problemə yol açmışdı.Nəticədə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal”, üçüncü böyük stansiyası olan 780 meqavatlıq “Cənub” və dördüncü böyük elektrik stansiyası olan 525 meqavatlıq “Sumqayıt” elektrik stansiyalarının fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşdirmişdi.
Nəzərə alınsa ki, ölkənin orta hesabla enerji tələbatı 3500 meqavatdır və hər üç elektrik stansiyasının birgə real imkan gücü 2000 meqavatdan artıqdır, o zaman ölkə üzrə 60 faiz enerji istehsalı dayanmaq təhlükəsi ilə üz-üzə qala bilərdi. Məhz buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ildə “AzərEnerji” tərəfindən təxirəsalınmaz şəkildə iri miqyaslı layihələrə start verildi.
Belə ki, soyutma suyunu daha dərin və soyuq hissədən götürmək üçün “Sumqayıt” Elektrik Stansiyasında 750 metr, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasında isə 540 metr uzunluğunda estakada və nasos stansiyaları tikildi. 2021-ci ildə Sumqayıt, 2023-cü ildə isə Şimal estakada və nasos stansiyaları istismara verildi.
Qeyd edək ki, 2020-ci ildə estakadaların tikintisinə başlanılan vaxtdan bu günə kimi dənizdə su səviyyəsinin düşməsi daha da sürətlənib və 30-40 sm azalma var.
Xəzər dənizi ilə bərabər Kür çayında da su səviyyəsinin düşməsi nəticəsində ölkənin üçüncü böyük elektrk stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib və nəticədə bu stansiya da dayanmaq təhlükəsindən xilas edilib.
Hazırda “AzərEnerji” sözügedən “Şimal”, “Cənub” və “Sumqayıt” elektrik stansiyalarının işini “yaşıl” enerji konsepsiyasına uyğunlaşdırır. Belə ki, ölkədə yeni tikilən və tikiləcək bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və tezliyin tənzimatını təşkil etməklə bu üç elektrik stansiyasında yeni rəqəmsal tətbiqlərin icrasına başlanılıb.
Başına silah dayayıb 30 milyon istədi – Video
Sentyabrın 9-u axşam saatlarında Binəqədi rayonu Abay Kunanbayov küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib.
Ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.
Silahlı şəxs ev sahibinin daşına silah dayayaraq 30 milyon dollar tələb edib.
Evdə baş verənləri kamerdan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.
Ətraflı videomaterialda:
Sumqayıtda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuş 1988-ci il təvəllüdlü Sakit Musayev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun üzərindən və evindən ümumilikdə 50 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və metamfetamin aşkarlanaraq götürülüb:
“S.Musayev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
İstintaq araşdırmaları zamanı ortaya çıxan sübutlar S.Musayevin narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəbəkənin əsas üzvlərindən biri olduğunu təsdiqləyib”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
S.Musayevin üzvü olduğu narkoşəbəkənin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
İlkin toyda düşən davada öldürülübmüş – Saxlanılan var – VİDEO
Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlinə görə saxlanılan var.
DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.
Rəsmi açıqlamaya əsasən, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Sgəndərli toyda düşən mübahisə nəticəsində öldürülüb.
Belə ki, o Ağdaşa başqa rayondan qonaq gəlibmiş. Şahidlərin sözlərinə əsasən, toyda mübahisədən sonra dava düşüb. Bıçaqlanan 28 yaşlı İlkin İsgəndərli də onlar arasında olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Su Ehtiyatları Agentliyi “Formula 1″lə bağlı tədbir keçirdi – Video
Sentyabrın 13 və 15-də Bakıda keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 saylı qarajında təşkil olunan növbəti tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) “Qafqazinfo”ya bildirilib ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Köçərli Həsənov, sədr müavini Tahir Xəlilov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov və əməkdaşlar iştirak ediblər.
İdarə rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan bütün növ avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.
Qarajda 44 xüsusi texnika və nəqliyyat vasitəsi gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir. Nasaz vəziyyətdə olan nəqliyyat vasitələri tam bərpa edilib, gücləndirilmiş iş rejimində çalışmağa hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, “Formula 1” yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.
Ağacdan yıxılaraq köməksiz vəziyyətdə qaldı – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Xətai məhəlləsi, 35 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Haqverdiyev Asəf Abdullah oğlu ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər zərərçəkmiş A.Haqverdiyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.
“Report” icmalı təqdim edir:
Köməksiz vəziyyətdə qalanlar belə xilas edildi – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Yasamal rayonu ərazisində doqquz və yeddimərtəbəli yaşayış binalarında 2 ünvanda liftdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində isə 2 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Bu FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla ümumilikdə 7 nəfər xilas edilib.
Əldə bir qədəh şərab… – Video
Xəbər verdiyimiz kimi, Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçirilir.
Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində baş tutur.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanıb.
Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilir, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılır.
Festivaldan maraqlı görüntüləri təqdim edirik:
Həmçinin baxın
“Haber Global”: Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir – VİDEO
Türkiyədə itkin düşən azərbaycanlı uşaq ağacda yatmış halda tapıldı – Video
“Əgər işlər görülməsəydi, ölkədə 60 faiz enerji istehsalı dayana bilərdi” – VİDEO
Sumqayıtda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Dövlət Su Ehtiyatları Agentliyi “Formula 1″lə bağlı tədbir keçirdi – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla