
Duyğuların bütünləşib, hisslərin göy üzündə öz əksini tapdığı məhz dörd fəsil. Ömür kitabımızdakı fəsillər, o dörd duyğu özünəməxsusluğu ilə qəlbimizdədir. Ömür keçdikcə hər yaşın öz fəsili olur. İyirmi yaşlardakı baharınla qırx yaşlardakı eynidir səncə?
Əslində, fəsillər şərtidir mənə görə. Mənim payızım mənə bahar toxunuşu kimi də hiss etdirə, yay günəşim kəskin bıçaqtək üzümə də vura bilər. Baxın, indi yaz fəslindəyik. Bəlkə də hardasa kimsə payızda qalıb. Düzdür, payız çox gözəl fəsildir, ancaq bir fəsildə qalmaq olmaz. Sən qışın ağ gəlinliyinə büründüyünü görməli, baharın səsini eşitməli və yayın sənə sığal çəkməsini hiss etməlisən. Fəsillər duyğulardır… fəsillər hiss etmək, eşitmək, düşünmək, sevinmək, ağlamaq, gülməkdir. Bir sözlə, fəsillər bütün duyğuların birləşdiyi ömür kitabının səhifələridir.
Hər fəsildə beş duyğu yatır: görmək, eşitmək, hiss etmək, dadmaq və qoxulamaq. Gərək sən beş duyğunu da doya-doya yaşayasan. Hər kəs dörd fəsildən xəbərdardır. Məsələ onu bilmək deyil, görməkdir. Sən fəsilləri görürsənsə, nə xoş sənə. Küləyi görmək, məsələn. Saç tellərində rəqs edən küləyi gördünsə, deməli, payızı eşidə bilirsən. Fəsillərin rəngləri var, onlar canlıdır. Payızın qəhvəyi, baharın çəhrayı rəngi var. Qəhvəyi rəngin ruhumu sakitləşdirici qoxusu var. Çəhrayı rəng film kadrı kimi hər zaman uşaqlığımı ağlımda canlandırır. Hə, hə… baharın səsi uşaq gülüşləridir. Bahar oynamaq, qaçmaq, qəhqəhə çəkməkdir. Deməli, fəsillər həmdə ömürdür. Bahar uşaqlıq, yay gənclik, payız yetkinlik, qış isə yaşlılıqdır. Elə buna görə də bəzi insanların içindəki uşağın ölməmə səbəbi onların ruhunun baharda qalmasıdır bəlkə də…
Bəs, sən hansı fəsildəsən? Bahardamı, yoxsa hələ qışda qalmısan? Bəlkə illərdir yay günəşinin parlaqlığı ilə xoşbəxtsən, nə bilmək olar…
Payızın yağışı, qışın sərt soyuğu da keçib, yazın özünəməxsus ritmik havası gəlir. Fəsillər gəlir, ötür və keçir. Daxilimizdəki fəsilləri doya-doya yaşaya bilək. Öz içimdəki pəncərəni açıq qoymayaq. Tufanımız, yağışımız kimisə üşütməsin.
Odur ki, pərdəni çək, qışın saflığından, yayın parlaqlığından, yazın təravətindən və payızın hüzurundan özünü məhrum etmə. İcazə ver yaz ətirli kəpənəklər otağına girsin, bülbüllər pəncərənə qonub səni səsləsin. Pərdə arxasındakıları gizləmək üçün var, ancaq o əbədi bağlı qalmamalıdır.
İnanıram qışın çovğunundan sonrakı günəştək torpaq altından cücərəcəksən. Dörd fəsli də ürəyincə yaşayacağın bir ömür arzu edirəm sənə…