“Dünən Ermənistanın Baş Naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar? Bütün bunlar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir”.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına cavab verərkən bildirib.

O qeyd edib ki, Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdiyi, Gorus-Qapan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir: “Halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb. Ötən günlər keçirilmiş “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans zamanı verilən bəzi suallar göstərdi ki, bəzi beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdırlar”.

İstinadlar Report