“Femida Könüllüləri Təşkilatı” İctimai Birliyi Ədliyyə Nazirliyinin “Qeyri-kommersiya qurumlarının dövlət reyestri”nə daxil edilib.

Bu barədə təşkilatdan məlumat verilib.

Bildirilib ki, təşkilat məhkəmə-hüquq sistemində könüllülərin iştirakçılığın artırılması, hüquq sahəsində təhsil alan gənclərin peşəkar inkişafına nail olmaq, onların müasir əmək bazarına uyğun yetişdirilməsinə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinə, o cümlədən vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə 2023-cü il avqustun 4-də təsis edilib.

Müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti göstərmək üçün indiyədək 2 000-ə yaxın hüquq təhsilli gənc müraciət edib. Hazırda onlardan 183 nəfəri müxtəlif instansiya məhkəmələrində çalışır. Digər müraciət edən şəxslərin də müsahibələrdən keçərək mərhələli şəkildə iştirakını təmin etməyi nəzərdə tutur.

Femida Könüllüləri Təşkilatı məhkəmə-hüquq sahəsində sistemli könüllülük fəaliyyətinin təşkilindən əlavə olaraq, hüquq və analoji ixtisaslarda təhsil alan gənclərin də (könüllü olmayan) müxtəlif layihə və tədbirlər vasitəsilə proseslərə cəlb etməyi nəzərdə tutur.

İstinadlar Report