Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) məhkəməsində zərərçəkmiş qismində Günay Əliyeva ifadə verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə G.Əliyeva bildirib ki, 51 min manatı S.Rəcəbə 2022-ci ilin martında iş yoldaşı Emin İbrahimovun vasitəsilə verib:

“Mən 30 min dolları Eminə verdim ki, Səbuhiyə çatdırsın. Səbuhi demişdi ki, kreditlə “Bentley” markalı maşın götürüb. Həmin maşını da banka girov qoyub oradan 150-200 min manata qədər pul götürəcək. Pulu verəndən sonrakı günlərdə ondan xəbər ala bilmədim. Səbuhiyə zəng edirdim, lakin telefonu açmırdı. Evinə getdim, məni təhqir etdi. Mən də Daxili İşlər Nazirliyinə müraciət etdim”.

Məhkəmənin növbəti prosesi oktyabrın 10-na təyin olunub.

İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.

Beləliklə, S.Rəcəb üç nəfərə qarşı 341 min manatlıq dələduzluq edib.

Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

İstinadlar Report