
Pestisidlərdən istifadə edərkən insan sağlamlığına təsirləri nəzərə alınmalıdır.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bitki mühafizəsi üzrə mütəxəssisi Suzanna Keresztes “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində “İnteqrir Bitki Mühafizəsi çərçivəsində Azərbaycanda Dayanıqlı kənd təsərrüfatı və bitki istehsalı” mövzusunda təlimdə deyib.
Onun sözlərinə görə, hazırda zərərvericilərlə mübarizədə pestisidlərdən istifadə edilir: “Lakin zərərvericilərlə mübarizədə dayanıqlı yol tutulmalıdır. Pestisidlərdən istifadə edərkən insan sağlamlığı düşünülməlidir. Müxtəlif ölkələrdə insan orqanizmində pestisid qalıqlarının müxtəlif xərçəng və əlaqəli xəstəliklərə necə təsir göstərə biləcəyi ilə bağlı bir çox tədqiqatlar aparılıb”.
O qeyd edib ki, əsas hədəf İnteqrasiya edilmiş Zərərvericilərlə Mübarizə (İPM) sisteminin tətbiqinin genişləndirilməsidir: “İPM zərərvericilərlə mübarizədə sağlam düşüncəyə əsaslanan təcrübələrin kombinasiyasına əsaslanan effektiv və ekoloji cəhətdən həssas yanaşmadır. İPM proqramları zərərvericilərin həyat dövrləri və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında müasir, hərtərəfli məlumatlardan istifadə edir. Bu məlumat mövcud zərərvericilərlə mübarizə üsulları ilə birlikdə, zərərvericilərin vurduğu ziyanı ən iqtisadi vasitələrlə və insanlara, əmlaka və ətraf mühitə minimal təhlükə ilə idarə etmək üçün istifadə olunur”.