“Facebook” sosial şəbəkəsinə məxsus messencerin istifadəçiləri genişmiqyaslı fırıldaqçı sxemin qurbanı ola bilərdilər. Bu barədə “Group-IB” beynəlxalq şirkətinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Dünyada “Facebook Messenger” istifadəçilərinin sayı 1,3 milyardı ötür, sosial şəbəkə istifadəçilərinin sayı isə 2,7 milyarda bərabərdir. Məlumatda deyilir ki, mütəxəssislər ilk dəfə 2020-ci ilin yayında fırıldaqçı sxemi aşkar ediblər, o vaxt hakerlər tərəfindən mövcud olmayan “Facebook Messenger” yeniləməsinin yüklənməsi üçün linklər paylaşılmışdı.

“2021-ci ilin aprelində “Facebook” sosial şəbəkəsində messencerin “son yeniləmə”sini quraşdırmağı təklif edən saxta postların sayı 5700-ə yaxınlaşıb. Dünyanın 84 ölkəsindən olan istifadəçilər bu hücuma məruz qalıblar” – şirkətin mətbuat xidmətindən bildirilib.

Fırıldaqçılar mesajların paylaşıldığı hesablarda oxşar adlardan istifadə ediblər: “Messanger”, “Meseenger”, “Masssengar”, avatar yerinə proqramın rəsmi ikonkasını yükləyiblər. Reklam mesajlarında messencerin yeni funksiyaları, həmçinin saxta funksiyalar (məsələn, mövcud olmayan “Gold” versiyanı yükləmək) haqqında məlumat verilib.

Mesajda yerləşdirilmiş linkə keçid edən istifadəçilər avtorizasiya üçün saxta formadan ibarət fişinq sayta daxil olurdular. Nəticədə qurban öz hesabına girişdən məhrum olmaqla yanaşı, həmçinin öz şəxsi məlumatlarını – telefon nömrəsi və elektron poçtunu itirməklə üzləşirdi. Hakerlər həmin məlumatları spam göndərilməsi üçün istifadə edə, yaxud haker forumlarında sata bilərlər.

“Group-IB” şirkəti belə halların qarşısını almaq üçün istifadəçilərə proqramları və yeniləmələri yalnız rəsmi mağazalardan yükləməyi, yalnız yoxlanılmış şirkət hesablarına etibar etmələrini tövsiyə ediblər.

Emil Hüseynov

İstinadlar ict news