“Apple” şirkəti “iPhone” smartfonlarında “Face ID” sisteminin əsas problemini həll edib. Bu barədə “PatentlyApple” nəşrinin məlumatında deyilir.

ABŞ şirkəti tərəfindən qeydə alınan patentləri izləyən nəşr növbəti “Apple” ixtirasına diqqət yetirib. Yanvarın 19-da ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) dərc etdiyi müraciətdə yeni nəsil biometrik sensorun yaradılması barədə söz açılıb. Sənəddə qeyd olunub ki, yeni “Face ID” versiyasının əsas xüsusiyyəti smartfon istifadəçisinin istilik xəritəsinə görə identifikasiyası funksiyası olacaq.

Məlumata görə, funksiya istifadəçinin sifətinin virtual surətini maksimum ətraflı yaratmağa imkan verəcək. Yeni “Face ID” versiyası “iPhone” sahibini onun sifəti eynək, şərf və ya qoruyucu maska ilə örtüləndə də effektiv şəkildə müəyyənləşdirəcək. Jurnalistlər qeyd edib ki, istilik xəritəsinin yaradılması funksiyası “Face ID” sensorunu smartfon istifadəçisinin sifətinin çox vaxt maska ilə bağlı olduğu pandemiya dövründə daha faydalı edəcək.

Qeyd edək ki, “Face ID” biometrik sensoru “Apple” smartfonlarına 2017-ci ildə “iPhone X” modelinin buraxılışı ilə eyni vaxtda quraşdırılmağa başlayıb. Hazırda sistem 2020-ci ilin yazında təqdim edilən “iPhone SE” istisna olmaqla, bütün aktual “Apple” qurğularına quraşdırılıb.

Nizam Nuriyev

İstinadlar ict news