Boliviyanın sabiq prezidenti Evo Morales bildirib ki, dördüncü müddətə prezidentliyə namizədliyini irəli sürməsi lazım deyildi.

Bu barədə o “Die Zeit” qəzetinə müsahibəsində deyib.

“Mənim səhvim yenidən namizədliyimi irəli sürmək idi. Amma bu xalqın qərarı idi və mən konstitusiyaya uyğun olaraq dördüncü müddətə öz namizədliyimi irəli sürmək təklifini qəbul etdim”, – deyə o, “14 illik prezidentlik dövründə ən böyük siyasi səhviniz hansıdır?”- sualına cavabında bildirib.

“Mən təklifdən imtina etməli idim. Amma biz seçkilərin birinci turunda qalib gəldik”, – Morales deyib.

Boliviyada ötən ilin 20 oktyabrında prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsinin məlumatlarına əsasən, dövlət başçısı postuna ən çox səs toplayan Morales seçilib. Onun əsas rəqibi Karlos Mesa bildirib ki, birinci turda opponentinin qələbəsini tanımır. Nəticələrin elan edilməsindən sonra Moralesin rəqibləri etiraz aksiyaları təşkil ediblər, ölkədə qarışıqlıqlar başlanıb.