Ötən il Naxçıvan Muxtar Respulikasının Kəngərli rayonunda qətlə yetirilən 17 yaşlı Aysun İbrahimovanın cinayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Bu yaxınlarda Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeniyetməni öldürməkdə ittiham olunan 24 yaşlı Sərvin Məmmədova 15 il həbs cəzası verilib.

İstintaq Aysun cinayətini araşdırarkən dəhşətli faktların üstünü açıb. İstintaq materiallarında yazır ki, Sərvin Aysunla qonşu olsa da, aralarındakı tanışlıq avtobusda gedərkən yaranıb. Yolda Sərvin Aysunla yanbayan oturub, söhbət zamanı onun “instaqram” hesabını alıb. 

Aysunun bir il sonra ölümünə səbəb olacaq hadisənin qığılcımı şantajlarla başlayıb. Belə ki, Sərvin onda olan görüntülərini atasına göndərəcəyi ilə hədələyərək Aysunla münasibəti davam etdirməyə çalışıb.

Hadisə günü…

Cinayət baş verən gün Sərvin gecəyarısı qızın evdə tək olduğunu bildiyi üçün onlara gəlib, Aysun razılıq verməsə belə, məcbur evə daxil olub.

Bu vaxt onlar arasında mübahisə başlayıb, Aysun oğlandan özünə məxsus şəkil-videoları telefonundan silməsini tələb edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən, Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.

S.Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

Amma təqsirləndirilən şəxs Aysunu öldürmədiyini deyir. O, ilkin istintaq vaxtı cinayəti boynuna alsa da, məhkəmədə inkar edib. Deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar. İttiham tərəfi ona Aysunun evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.

Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb. Hüquqi varis qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.

Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib. Hökmə əsasən, S.Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

İstinadlar Qafqazinfo