
“Hani kuşlar ağaçlar? Bin-bir renkli çiçekler? Nasıl yakalamışdık, saçlarından baharı?”
Qacetlərə hacət artdıqca ruhumuzun yox, əllərimizin dolduğunu, təkcə “sol məməmizin altındakı cəvahir”in deyil, üstündəki qoltuq cibimizin də boşaldığını anlamırıq. Və anlamırıq ki, filmlər ayrıdır, həyat ayrı! İnsan həyatda uduzanda geri çəkilir, filmlərə yox!
Filmlərdə cütlüklərin ilk görüşdə oxuduqları kitablar, baxdıqları filmlərdən soraqlaşması yanlış təlimdir. Evlənmək istədiyi şəxslə görüşən adam qabağındakından xoruldayıb-xoruldamadığını soruşmalıdır. Sonra soruşmalıdır ki, çörəyin içini xoşlayır, çölünü? Vaxtı qalsa, ona belə sual verməlidir: Nəyə gülürsən? Həmin an onun üzündə yaranmış təbəssümün səbəbini anlamaq üçün yox, yumor anlayışının haralarda veyilləndiyini bilmək üçün! Necə əhvalatlara, lətifələrə gülür, necə situasiyalara qəhqəhə çəkir? Ümumiyyətlə, qəhqəhə çəkə bilirmi?
Eyni şeylərə gülmürsünüzsə, eyni şeylərə ağlaya da bilməyəcəksiniz! EMPATİYA! Özünü başqasının yerinə qoya bilməyən insanla qəti evlənməyin! Nəinki evlənmək, empatiyası olmayan şəxslə heç nə etmək olmaz. Heç qağayılara çörək atmaq da! Yeri gəlmişkən, evlilik romantika – duyğular üzərində yox, praktika – qayğılar üzərində qurulmalıdır.
Bax qayğı dedim, yenə qağayı yadıma düşdü! Qağayı romantika rəmzi deyil! Quşdur! Bakı bulvarında ona görə dolaşır ki, sahilə şəhərin kanalizasiyası axır. Bir halda ki, evlilikdən danışırıq, qağayılar mövzusunu lap bayağı müstəvidə bitirək: Əgər bu quşlar sizi həyatın reallığından qoparıb cəncəl romantikaya çəkirsə, əmin olun, Bakı qağayıları *** yeyir! Sözün hər iki mənasında!
Azərbaycan ailəsini dağıdan iki institut var: Filmlər və toplum. Bu iki institutun “tədris üsulu”ndan danışırıq. Filmlərdə bir “spaydermen” dünyanı düzəldir. “Tarqovı”da isə bəzən iki “spaydermen”in birgə gəzdiyini görürük, ancaq Bakıya qonaq gələn iki-üç rayonlu yeniyetmədən başqa heç kəsin tükü tərpənmir. Bircə onlar qımışır…
Evlənəcək cütlüklərin fonunda xalçaya yapışdırılmış pambıqda üzüklər və “xoşbəxt olun” sözləri daha dəyanətlidir, nəinki filmlər və toplum. Çünki həmin üzük və “xoşbəxt olun” sözləri pambıqdan olsa da, həm bəyazdır, həm də diləkdir. Rəngarəng deyil, məsləhət deyil. Bəyaz diləkdir. Keçən dəfə bir “müğənni” internat məktəbində “konsert” verirdi. Oxuduğu mahnı isə… Hansı ki, o internatdakı uşaqların böyük faizinin ataları həmin mahnıları dinləyə-dinləyə analarını bıçaqlayıb. O mahnılar yalnız cinayətkar yetişdirə bilər…
Uşaqlarımız internatda olmasın deyə zamanında saxta filmlərdən, bayağı musiqilərdən və “İnstaqram xalqı”nın məsləhətindən uzaq olmalıdır. Bəli, “TikTok xalqı”, “İnstaqram xalqı” çox amansızdır, təkcə nifrət etdiyini deyil, sevdiyini də yeyir. Bir də ayılırsan ki, dünənə qədər heç bir məziyyəti olmasa da, “xalq”ın başda oturtduğu həmin gəncin ümidli gözləri hansısa qəsəbənin şoran torpağında salınmış ağacsız bir qəbiristanlıqdan sənə saplandı.
Kim əzəldən üzünü necə sığallayırsa, saqqalı da elə bitir! Hamımıza yanında oturub bir ömür əsnəməyəcəyiniz yoldaş arzulayıram! Ömür biz görmədən üstümüzdən uçub gedən böcəklər kimidir. Pırr… Maydır… Var gücləriylə arılar çəmən çiçəklərinin bağrına girişib, elə bil nə vaxtsa, itirdiklərini tapmağa gəliblər. Topa-topa pənah buludlar da həmin arılar misalı acgözlüklə Qafqaz dağlarına doğru gəlir. Bizim də yağışa qədər vaxtımız, baxtımız var – onlar dağlarımızın qartal burunlarıyla toqquşunca… Sonra nazlı yağışlar başlayacaq….
Sərdar Amin,
Xüsusi olaraq “Qafqazinfo” üçün