Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk Cümhuriyyətinə olan doğma münasibətini hər zaman hiss edirik.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

Ersin Tatar, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində onu Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə dəvət etməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.

O bu dəvəti məmnuniyyətlə qəbul edərək iyul ayında sözügedən tədbirə qatılacağını söyləyib:

“İlham Əliyevin Kipr türklərinə olan qardaşlıq münasibəti bizi çox məmnun edir. O türk birliyinin əhəmiyyətini hər zaman dilə gətirir və bu birliyin gələcəkdə çox önəmli olduğunu bildirir”.