Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan, həyat yoldaşı və oğulları qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iş üzrə prokurorluğa dəvət ediliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlara məxsus əmlakın mənşəyini öyrəndikləri və müsadirə olunmasının zəruriliyi barədə xəbərdarlıq edib.

Bununla belə, nəzarət qurumu konkret olaraq hansı əmlakın müsadirə edilməsinin planlaşdırıldığını və onun dəyərini açıqlamır. Bu qeyri-müəyyənliyin səbəbi cavabdehlərin məhkəmədə əmlakın qanuniliyi ilə bağlı sübutlar təqdim edə bilmək ehtimalıdır.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sarqsyan və onun oğulları Hayk və Narek təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyununda İrəvan məhkəməsi Narek Sarqsyanı qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunun təşkilində təqsirli bilərək beş il yarım müddətinə azadlıqdan məhrum edib.

O, bir müddət xaricdə gizlənsə də, 2018-ci ilin dekabrında Praqada Franklin Qonzalesin adına olan pasportla saxlanılıb, bir il sonra Ermənistana ekstradisiya edilib.

İstinadlar Report