“Ermənistan sovet ordusundan qalan minaları 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında basdırıb və bütün ərazini çirkləndirib”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, əsas məqsəd azərbaycanlıların öz yurdlarına qayıtmasına mane olmaqdır: “Ermənilərin bu cür əməllərini alman faşizmi ilə müqayisə edirlər, lakin bu, heç nə ilə müqayisə edilə bilməz. Çünki bunlar qəbilədir, xalq deyil. Almanlar Polşanı, Çexoslovakiyanı, Fransanı və s. işğal edəndə əhali öz ölkəsindən, evindən didərgin salınmamışdı. Onlar hakimiyyəti dəyişib, oyuncaq rejim yaradaraq özlərinə tabe etmişdilər və hər hansı kütləvi minalanma aparılmamışdı. Amma ermənilər azərbaycanlıları öz yurdlarından didərgin salıb, bütün ərazini, tarixi abidələri, məzarlıqları dağıdıb, bütün bunlar bəs deyilmiş kimi əraziləri minalayıblar”.

SSRİ dövründə əsas mina zavodlarından birinin Ermənistanın paytaxtı İrəvanda yerləşdiyini vurğulayan E.Həsənli qeyd edib ki, bu ölkənin Azərbaycana təhvil verdiyi xəritələrə görə, yalnız Ağdam və Füzulidə 97 min mina basdırılıb: “İki rayonun ərazisinə bu qədər mina niyə basdırılıb? Daha sonra erməni tərəfi bəyan edib ki, onlarda mina xəritəsi yoxdur. Nəzərə almaq lazımdır ki, mina basdırılması üçün ordu rəhbərliyinin tapşırığı olduqdan sonra anbardan götürülüb xəritə üzrə basdırıla bilər. Həmin xəritə isə üç nüsxə hazırlanır. Onlardan biri hərbi hissədə, digəri birləşmənin qərargahında, üçüncüsü isə baş qərargahda saxlanılır. Hərbidə bəzi sahələrdə bəlkə də qeyri-peşəkarlar ola bilər, lakin minanı qeyri-peşəkar şəxs basdıra bilməz. Çünki öz hərbçiləri basdırılan minaya düşə bilər. Haqlı sual olunur ki, niyə sülhməramlılardan və ermənilərdən bir nəfər də olsun minaya düşmür? Niyə Azərbaycan Ordusu 2020-ci ilin 10 noyabr bəyanatından irəli gələrək ermənilərə 1700-dən artıq cəsəd toplayıb verib, onların əsirlərini qaytarıb, lakin onlar mina xəritələrini hələ də Azərbaycana təhvil vermək istəmirlər? Bununla Azərbaycan xalqında psixoloji travma yaratmağa çalışırlar. Dünya birliyi hələ də bu vəziyyətə ikili standartlarla yanaşır”.

İstinadlar Report