“Ermənistan delimitasiya prosesindən qaçırdı, açıq-aydın təxribatlar törədirdi”.

Bunu “Report”a açıqlamasında Strateji Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu prosesdə diqqət edilməli üç məqam var: “Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməyi ilə bağlı müddəalar var. İkincisi, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də daxil olmaqla Avropanın bir çox siyasətçisi sərhədlər delimitasiya olunmadan Bakı ilə İrəvanın əlaqələrinin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab edir. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var”.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir.

T.İsmayılov bildirib ki, bu günə kimi Ermənistan çox böyük məharətlə delimitasiya prosesinin reallaşmamasına çalışıb: “İrəvan Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar. Eyni zamanda bu komissiyaların işinin uzanmasına səbəb olurdular, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələsinə imkan vermirdilər”.

Onun fikrincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün delimitasiya komissiyasının işində də irəliləyiş olmalıdır: “Aylar sonra komissiyanın yenidən fəaliyyətə başlamasının çox böyük əhəmiyyəti var. Delimitasiya komissiyasının fəaliyyətə başlaması ilə Azərbaycanla Ermənistan arasında üçüncü bir tərəfin vasitəçiliyi olmadan təkbətək görüşü oldu. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir”.

İstinadlar Report