Ermənistanın Kotayk bölgəsində içkili sürücünün piyadaları vurması ilə nəticələnən qəzada 2 nəfər həlak olub, daha 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Bu barədə “Shamshyan-com” kriminal xəbər saytı məlumat verib. Ölən və yaralananların hərbçilər olduğu bildirilir.

Hadisə aprelin 15-nə keçən gecə, saat 01:00 radələrində Tiqranadzor magistral yolunda baş verib. Qəzanı törədən sürücü 6 piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb.

Yaralı hərbçilər Abovyan tibb mərkəzinə aparılıb.

Sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. Kotayk bölgəsi sakini, 34 yaşlı K.M. saxlanılıb. Onun avtomobili idarə edərkən sərxoş olduğu müəyyən olunub.

Polis və istintaq şöbəsi ölən və yaralananların kimliyini araşdırır.

Mənbənin verdiyi məlumata görə, ölənlər və digər yaralılar Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.

Faktla bağlı cinayət işi başlanılıb.

İstinadlar Qafqazinfo