Ermənistanda səsverməyə 2 gün qalmış (təbliğat kampaniyasının bu gün bitdiyi nəzərə alınarsa əslində, 1 gün qalmış)  “GALLUP” beynəlxalq assosiasiyasının erməni ofisi seçkilərin qalibini elan edib. Ofisin rəhbəri Aram Navasardyan bu gün iyunun 18-də Yerevanda keçirdiyi mətbuat konfransında son rəy sorğularının nəticələrini açıqlayaraq bildirib ki, seçicilərin 28.7 faizi Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokuna səs verəcək. Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasına isə 25.2 faiz seçici səs verməyə hazırdır. Keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə digər keçmiş prezident Serj Sərkisyanın Respublika partiyasının alyansı (alyansa Vanetsyan başçılıq edir) 10.8 faiz səslə üçüncü yerə iddia edə bilər.

Hərçənd bu rəy sorğusunun nə dərəcədə obyektiv olduğu məlum deyil, bəzi məlumatlara görə Navasardyan Köçəryana bağlı adamdır. Bununla belə Paşinyanın reytinqinin seçki kampaniyası dövründə kəskin azaldığı, Köçəryanın reytinqinin isə artdığı şübhə doğurmur.

“Sorğunun nəticələrinə əsasən “Çiçəklənən Ermənistan” partiyasına (Qaqik Tsarukyan) 5.4 faiz, “İşıqlı Ermənistan” (Edmon Marukyan)  partiyasına 5.2 faiz seçici səs verməyə hazırdır”,-Navasardyan bildirib. Onun açıqladığı nəticələrə əsasən bütün digər siyasi qüvvələr və bloklar 5 faizlik baryeri keçə bilməyəcəklər. O cümlədən Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi”  cəmi 1.5 faiz səs toplaya bilər.

“GALLUP” son reytinqləri açıqladığı bir vaxtda Rusiyada yaşayan erməni milyarder-oliqarx Samvel Karapetyan (“Taşir”) qrupu da Robert Köçəryana dəstəyini açıqlayıb. O cümlədən Paşinyanın həmyerlisi, keçmiş Baş qərargah rəisi Onik Qasparyan bütün hərbçiləri Robert Köçəryana səs verməyə çağırıb.

 Qasparyan seçkilərə 2 gün qalmış yaydığı müraciətində Paşinyanın hakimiyyəti “manyakcasına, istənilən yolla idarəçiliyi əldə saxlamaq cəhdlərində” günahlandırıb. Onun sözlərinə görə, müharibə zamanı baş nazir vəzifəsini yerinə yetirən adam və onun komandası indi özlərini günahsız mələk kimi qələmə verərək istənilən situasiyada günahkarlar axtarırlar. Qasparyana görə, məsuliyyətdən yayınan adam dövlət üçün təhlükədir və bu seçkilərdə hərbçilər Robert Köçəryana, onun “peşəkarlardan” ibarət komandasına səs verməlidir.